Yüksək Liqada IX tur start götürür

post-img

Yüksək Liqada IX tur start götürür


Kişilər və qadın voleybolçular  arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı açıqlanıb.  
Voleybol Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, bu gün kişi voleybolçular arasında  ölkə çempionatında Yüksək Liqada III dövrənin növbəti oyunları keçiriləcək. IX turun ilk oyunu saat 16:00-da “Murov” - “Xarı bülbül” görüşü  ilə start veriləcək. Bu oyunun ardınca saat 18:00-da “Neftçi”-MOİK qarşılaşması keçiriləcək.
Qeyd edək ki, sabah isə ölkə çempionatında qadın voleybolçular arasında Yüksək Liqada III dövrənin son  oyunları keçiriləcək. Həmin oyunlar da Voleybol Mərkəzində təşkil olunacaq. IX turun ilk matçı saat çərçivəsində saat 16:00-da “Murov” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu qarşılaşmadan 2 saat sonra “Azərreyl” - UNEC dueli start götürəcək.


Kubok oyunlarının təqvimi

 

Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə ölkə kubokunun püşkatma mərasimi keçirilib. 
Federasiyanın məlumatına görə, 21-26 mart aralığında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar.
“Sabah BK”, “AAAF Xırdalan BK”, “Sərhədçi PİK” və  “Gəncə BK” A, “NTD BK”, “Zirvə Astara BK”, “Neftçi İK”  və  “Olimpik Şəki BK” komandaları isə B qrupunda güclərini sınayacaqlar. 
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.


Məşqçilər mükafatlandırılıb


Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının məşqçi sertifikat proqramına yekun vurulub. 
Azərbaycan Cüdo Federasiyasının BCF ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Federasiyanın məlumatına görə, nəzəri imtahanları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar. 68 məşqçi imtahanı uğurla başa vuraraq birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. BCF Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatı təqdim olunub.


Hakim təyinatları açıqlanıb 


UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikada “Gent” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb.
Məlumata görə, matç Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Uilyam Kollamdır. Onun köməkçiləri isə Frensis Konnor və David Rumdur. Dördüncü hakim funksiyasını isə Nikolas Uolş yerinə yetirəcək. Matçın VAR hakimi ingiltərəli Devid Kut, onun köməkçisi isə Li Bettsdir.
Qeyd edək ki, ilk görüşdə Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatan “Qarabağ”- “Gent” matçının cavab qarşılaşması fevralın 23-də Belçikada keçiriləcək.


Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”





İdman