“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. “Rəqəmsal ekologiya” informasiya sistemi (bundan sonra – REİS) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edir;

3.2. REİS-in sahibi funksiyalarını Nazirlik, operatoru funksiyalarını isə Nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirir.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. Nazirliklə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq REİS-in “Hökumət buludu”na keçidinin təşkili, aparılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün;

4.2. Nazirliklə birlikdə REİS-də formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsini təmin etsin.

5. Nazirlik:

5.1. REİS-in formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

5.2. REİS-in fəaliyyəti zamanı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən ətraf mühitin mühafizəsində, ətraf mühit təsvirlərinin və məlumatlarının əldə olunmasında istifadəni təmin etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi REİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin Nazirliyin sərəncamında olan məqsədli büdcə fondları vasitəsilə maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2025-ci il

Fərmanlar