Donald Tramp Qrenlandiyanı ilhaq etməyə müvəffəq olsa belə, bu, ABŞ-ın mövqeyini yaxşılaşdırmayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirdə olan “Politico” nəşri ABŞ-ın yeni seçilmiş prezidentinin Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasını tənqid edib.
Donald Tramp yanvarın 7-də Qrenlandiyanın ABŞ-ın bir ştatına çevrilməli olduğunu bildirib və bunun milli təhlükəsizlik və azad dünyanın Çin və Rusiyanın təhdidindən qorunması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ağ evin gələcək sahibi, eyni zamanda, adaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməyib. Qrenlandiyanın Baş naziri Müte Eqede isə öz növbəsində adanın satılmadığını və heç vaxt satılmayacağını bildirib.
“Politico” hesab edir ki, Qrenlandiyanı ya satın almaq, ya da güc yolu ilə ələ keçirmək Vaşinqtonun mövqeyini yaxşılaşdırmayacaq: “ABŞ artıq Qrenlandiyadan lazım olan hər şeyi alır və adada ABŞ-ın kosmik bazası yerləşir”.
1953-cü ilədək Danimarkanın koloniyası olan, sonradan isə krallığın subyektinə çevrilən Qrenlandiya dünyanın ən böyük adasıdır. 1979-cu ildə 60 minə yaxın əhalisi olan ada daxili muxtariyyət statusu alıb.