Müsahibimiz İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallıdır.
–Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın D-8-ə üzvlüyünü şərh edib. D-8 üzvlüyü ölkəmizin İslam dünyası ilə əlaqələrinə hansı təsirləri göstərə bilər?
–Azərbaycanın D-8 kimi beynəlxalq iqtisadi əməkdaşlıq təşkilatına üzv olması ölkəmizin dünya miqyasında artan nüfuzunun və ona göstərilən etimadın bariz nümunəsidir. Bu üzvlük Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə də strateji mövqeyini möhkəmləndirir. D-8 üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ümumi daxili məhsul (ÜDM) ilə qlobal iqtisadiyyata mühüm töhfə verən bir təşkilatdır. Həmçinin 130 milyard dollar həcmində ticarət dövriyyəsinə malik bu təşkilat öz üzv dövlətləri ilə geniş iqtisadi əlaqələrin mövcudluğunu nümayiş etdirir. Təşkilatın nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-i isə 18 milyard 182 milyon dollar olmaqla, böyük iqtisadi potensialı ilə diqqət çəkir. D-8-ə üzv olan dövlətlərin ümumi əhalisi dünya müsəlmanlarının 60 faizini təşkil edir ki, bu da təşkilatın İslam dünyası üçün təkcə iqtisadi deyil, həm də mədəni və siyasi əhəmiyyətini artırır. Belə bir platformada Azərbaycanın yer alması, ölkəmizin regionda və dünyada İslam həmrəyliyinə verdiyi töhfəni artırmaqla yanaşı, həm də qlobal iqtisadi siyasətə təsir imkanlarını genişləndirir. Azərbaycanın bu təşkilata qoşulması, təkcə ölkənin iqtisadi yüksəlişi üçün deyil, həm də İslam ölkələrinin iqtisadi əməkdaşlığını daha da möhkəmləndirmək və onların qarşılıqlı faydalı əlaqələrini inkişaf etdirmək məqsədini daşıyır. Bu, Azərbaycanı həm də müsəlman dünyasında öz nüfuzunu daha da artıran, beynəlxalq aləmdə tanınan bir dövlət olaraq göstərir.
Bu üzvlük Azərbaycan üçün yeni iqtisadi imkanlar və əlaqələr açmaqla yanaşı, həm də beynəlxalq siyasətdə daha güclü mövqe tutmasına zəmin yaradır. Tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, İslam mədəniyyətinin, dini irsinin və sivilizasiyasının mühüm mərkəzlərindən biri kimi tanınan Azərbaycanın bu təşkilata qoşulması İslam həmrəyliyinin möhkəmləndirilməsinə və bu dəyərlərin qlobal miqyasda təşviqinə mühüm töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın D-8 üzvlüyü, islamofobiyaya qarşı mübarizədə daha güclü mövqelər formalaşdıraraq İslam dünyasının qlobal problemlərinə dair birgə həll yollarının axtarışını dəstəkləyəcək.
–Heç şübhəsiz ki, bu platforma üzrə əməkdaşlıq ölkənin iqtisadi siyasətinə də təsirsiz ötüşməyəcək. Bu baxımdan, Azərbaycanın D-8 üzvü olması regiondakı geosiyasi və iqtisadi dinamikanı necə dəyişə bilər?
–Bu əməkdaşlıq platforması regionumuzda təhlükəsizlik, sabitlik və rifahın təmin olunmasında mühüm rol oynayır. D-8 üzv ölkələr arasında qarşılıqlı dəstək və əməkdaşlıq əsasında qurulmuş bir təşkilat olaraq, iqtisadi və siyasi sabitliyin artırılmasına və regionda münaqişələrin qarşısının alınmasına xidmət edir. Azərbaycanın bu platformaya üzv olması yalnız ölkənin öz daxili təhlükəsizliyinə deyil, həm də regional və qlobal səviyyədə sabitliyin təmin edilməsinə müsbət təsir göstərir. Eyni zamanda, bu əməkdaşlıq üzv dövlətlər arasında birgə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və transsərhəd problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsini təmin edir. Beləliklə, D-8 yalnız iqtisadi əməkdaşlığı deyil, həm də regionda uzunmüddətli təhlükəsizliyin qorunmasını hədəfləyir. İqtisadi-ticarət əlaqələrinin inkişafı bu əməkdaşlığın ən vacib aspektlərindən biridir. D-8 iqtisadi inteqrasiyaya yönəlmiş bir platforma olaraq üzv dövlətlər arasında əlaqələri möhkəmləndirir və sərbəst ticarət zonalarının yaradılması üçün zəmin formalaşdırır. Bu, ölkələr arasında iqtisadi artımı dəstəkləyir və qarşılıqlı faydalı əməkdaşlıq modelinin tətbiqinə imkan verir. Azərbaycan öz iqtisadi potensialını bu əməkdaşlıq platformasında daha geniş miqyasda tətbiq etməklə, həm daxili bazarını daha da genişləndirir, həm də beynəlxalq ticarət və investisiya imkanlarını artırır.
Nəqliyyat və kommunikasiya sahələrində əlaqələrin inkişafı da strateji əhəmiyyətə malikdir. D-8 çərçivəsində üzv ölkələr arasında nəqliyyat infrastrukturu layihələri və ticarət marşrutlarının optimallaşdırılması, xüsusilə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyini gücləndirir. Bu, ölkənin tranzit imkanlarını artırmaqla yanaşı, regional iqtisadiyyatın inteqrasiyasına və logistik mübadiləyə də müsbət təsir göstərir. Əlavə olaraq, kommunikasiya sahəsindəki əməkdaşlıq informasiya texnologiyaları, rəqəmsal inkişaf və innovasiyalar üzrə yeni imkanlar yaradaraq üzv dövlətlərin iqtisadiyyatlarını modernləşdirir.
Bu təşəbbüsün vacib aspektlərindən biri də enerji və resursların idarə edilməsi sahəsindəki əməkdaşlığa yönəlir. D-8 ölkələri bərpa olunan enerji və təbii resursların istifadəsi sahəsində birgə layihələr həyata keçirərək ekoloji və iqtisadi davamlılığı təşviq edirlər. Bu, xüsusilə Azərbaycanın enerji sektoru üçün yeni işbirliyi imkanları açır, ölkənin enerji resurslarını daha səmərəli və davamlı şəkildə idarə etməsinə şərait yaradır. Bütün bu sahələrdəki əməkdaşlıq D-8-ə üzv ölkələrin birgə inkişafı və qarşılıqlı faydalı əlaqələrinin qurulması üçün əhəmiyyətlidir. Bu, həm də beynəlxalq miqyasda daha güclü iqtisadi birlik və siyasi stabillik formalaşdırır, ölkələr arasında uzunmüddətli əlaqələrin inkişafına təkan verir.
Azərbaycanın D-8-ə qoşulması, şübhəsiz ki, Qafqaz regionunun geosiyasi və iqtisadi dinamikasına əhəmiyyətli təsir göstərəcək. Bu addım yeni imkanların açılmasına, həmçinin xarici investisiyaların ölkəmizə cəlb olunmasına zəmin yarada bilər. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki birləşdirici rolunu nəzərə alaraq, D-8 üzvü olmaq yalnız ölkəmizin beynəlxalq uğurlarını artırmaqla kifayətlənməyəcək, eyni zamanda təşkilatın öz imkanlarını da genişləndirəcək. Bu əməkdaşlıq Azərbaycanın regionda daha güclü mövqe tutmasına və dünya iqtisadiyyatında öz rolunu daha da möhkəmləndirməsinə kömək edəcək. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi “İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq” fikirləri ölkəmizin qarşısında yeni imkanlar açıldığını və bu fürsətləri qiymətləndirərək strateji qərarlar almağın vacibliyini vurğulayır.
Müsahibəni hazırdadı:
Vaqif BAYRAMOV
XQ