Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında ƏSASNAMƏ

post-img

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 29 iyul tarixli Fərmanı

ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən, Agentliyin strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Agentliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Agentliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.1. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.2. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

2.1.3. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

2.1.4. Azərbaycan Respublikasının ərazisində yerüstü və yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparmaq və monitorinqin nəticələrinə əsasən tədbirlər görmək;

2.1.5. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək.

3. Xidmətin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək;

3.1.2. su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək;

3.1.3. Azərbaycan Respublikasının ərazisində yerləşən su və su təsərrüfatı obyektlərində, hidrotexniki qurğularda, su təchizatı sistemlərində monitorinqlər, dövlət su kadastrını, yerüstü və yeraltı suların dövlət uçotunu aparmaq;

3.1.4. suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi ilə bağlı Agentliyə təkliflər vermək;

3.1.5. su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin sanitariya mühafizə zonaları və dairələrinin rejiminin təyin edilməsində iştirak etmək;

3.1.6. su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və onlardan istifadə qaydasının müəyyən edilməsində iştirak etmək;

3.1.7. yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün tədbirlər planının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.8. təbii fəlakət və texnogen qəzalar nəticəsində zədələnmiş və ya sıradan çıxmış su təsərrüfatı obyektlərinin bərpasına dair təkliflərin hazırlanmasında iştirak etmək;

3.1.9. su ehtiyatlarından kompleks istifadə və həmin obyektlərin mühafizəsi baş sxeminin, hövzə və ərazi sxemlərinin hazırlanmasında iştirak etmək;

3.1.10. sudan qənaətlə istifadə olunması, o cümlədən itkilərin qarşısının alınması ilə bağlı tədbirlər görmək;

3.1.11. qanunla müəyyən edilmiş qaydada istifadəyə verilmiş su mühafizə zonalarının torpaqlarında fəaliyyətə nəzarəti həyata keçirmək;

3.1.12. hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətini və konservasiya işlərini dayandırmaq barədə Agentliyə təkliflər vermək;

3.1.13. su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin obyektlərdən (onların bir hissəsindən) istifadənin məhdudlaşdırılması, dayandırılması və qadağan olunması üçün Agentliyə təkliflər vermək;

3.1.14. dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısının tərtib edilməsində iştirak etmək;

3.1.15. su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunun aparılmasına nəzarətin həyata keçirilməsini, bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə dair aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə monitorinq aparılmasını təmin etmək;

3.1.16. su obyektlərindən təyinatına görə istifadə edilməsi ilə bağlı monitorinq aparmaq və qanunvericiliyə uyğun tədbirlər görmək;

3.1.17. su ehtiyatlarından istifadə sahəsində proqnoz və layihələrin hazırlanmasında iştirak etmək;

3.1.18. suların axım rejiminə, keyfiyyətinə və istifadəsinə dair məlumat toplanılmasını həyata keçirmək;

3.1.19. təbii fəlakət və texnogen qəzalar nəticəsində su obyektlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləşdirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində iştirak etmək;

3.1.20. ərazi planlaşdırılması sənədlərinə dair Agentliyə təkliflər vermək;

3.1.21. qanunla nəzərdə tutulmuş qaydada su obyektlərindən balıqçılıq üçün istifadəyə razılıq verilməsi, sututarlar və ya onların müəyyən hissəsinin idman və həvəskar balıq və digər su bioresurslarının ovu üçün ayrılması barədə Agentliyə rəy vermək;

3.1.22. ölkə, su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının hazırlanmasında iştirak etmək;

3.1.23. daşqın və subasma zonalarının müəyyənləşdirilməsində iştirak etmək;

3.1.24. sulardan istifadə və onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş tələbləri pozan şəxslərə qarşı qanunla müəyyən edilmiş tədbirlər görmək;

3.1.25. su və su təsərrüfatı obyektlərindən götürülən suların bölüşdürülməsini və sudan istifadəyə nəzarətin həyata keçirilməsini təmin etmək;

3.1.26. tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasının məhdudlaşdırılmasını, dayandırılmasını və ya qadağan olunmasını təmin etmək;

3.1.27. sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının özbaşına kəsilməsinin, göllərdən və limanlardan su buraxılmasının qarşısının alınması üçün tədbirlər görülməsini təmin etmək;

3.1.28. hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrinin təsdiqini və hidrotexniki qurğuların dövlət reyestrinin aparılmasını təmin etmək;

3.1.29. Agentlik tərəfindən verilmiş su ehtiyatlarından istifadəyə icazələrin şərtlərinə riayət olunmasına nəzarət etmək;

3.1.30. müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.31. qanunda nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama aparmaq;

3.1.32. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;

3.1.33. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.34. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.35. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görmək;

3.1.36. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyə təkliflər vermək;

3.1.37. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.38. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.1.39. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.40. müvafiq sahədə “Coğrafi İnformasiya Sistemi”nin (GİS) formalaşdırılması, aparılması və təkmilləşdirilməsi üçün Agentliyiə təkliflər vermək;

3.1.41. meliorasiya və irriqasiya sistemlərinin kadastrını aparmaq;

3.1.42. fəaliyyətinin nəticələri barədə Agentliyə hesabat təqdim etmək;

3.1.43. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Xidmətin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Agentliyə təkliflər vermək;

4.1.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Agentliyə təkliflər vermək;

4.1.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, monitorinqlər və tədqiqatlar aparmaq, rəy və təkliflərini Agentliyə təqdim etmək;

4.1.4. Agentliklə razılaşdırmaqla beynəlxalq tədbirlərdə iştirak etmək və müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.1.5. Agentliklə razılaşdırmaqla beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.1.6. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.8. Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmədə öz adından çıxış etmək;

4.1.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmətin strukturu, ştat cədvəli, gəlir və xərclər smetası Agentliyin sədri tərəfindən təsdiq edilir.

5.2. Xidmətə Agentliyin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

5.3. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyalarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Xidmət rəisinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Xidmətin rəisi:

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.5.3. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Xidmətin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.4. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini, gəlir və xərclər smetasını təsdiq olunmaq üçün Agentliyə təqdim edir;

5.5.5. Agentliyin sədri tərəfindən təyin edilən Xidmət işçiləri istisna olmaqla, Xidmətin digər işçilərini Agentliyin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.6. Agentliyin sədri tərəfindən təyin edilən Xidmət işçiləri istisna olmaqla, Xidmətin digər dövlət qulluqçularına qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir;

5.5.7. Xidmətin fəaliyyətinə dair əmr və sərəncamlar verir və onların, habelə Agentlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;

5.5.8. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.9. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Agentliyə təkliflər verir;

5.5.10. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.5.11. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

5.5.12. Xidmətin fəaliyyəti barədə Agentliyə hesabat verir;

5.5.13. dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Xidmət işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.

Fərmanlar