Agentlik: Ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək

post-img

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır.

Agentlikdən bildirilib ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrupu yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.

Agentlik intensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edir.

 

Elm