Azərbaycanda 25 qızıl medalın sahibi olan VI sinif şagirdi beynəlxalq olimpiadalara hazırlaşır

post-img

Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın VI sinif şagirdi, bu vaxtadək iştirak etdiyi bilik olimpiadalarında 25 qızıl medal qazanan Qismət Talıbov beynəlxalq yarışlara hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Q.Talıbov ilk uğura II sinifdə imza atıb. Qızıl medalların əksəriyyətini isə riyaziyyat olimpiadalarında qazanıb. İngilis dili yarışlarında da uğurları olub. Artıq beynəlxalq olimpiadalarda iştirak etmək üçün Amerika Birləşmiş Ştatları, İtaliya və Sinqapura dəvət alıb. O, həmin yarışlara qatılmağı planlaşdırır.

İngilis dili Təmayüllü Gimnaziyanın direktoru Nazim Rəhimov bildirib ki, Qismət güclü riyazi biliklərə malikdir. Onun digər fənlər üzrə bilikləri də yüksək səviyyədədir. “Gimnaziyaya qəbul zamanı ona təqdim olunan 25 sualın hamısını doğru cavablandırıb. Gimnaziyada təhsil aldığı qısa müddətdə isə AMO, SASMO, KOPERNİNQ olimpiadalarında iştirak edib. KOPERNİNQ olimpiadasında 100 mümkün baldan 96-sını toplayaraq qızıl medala layiq görülüb. O, ingilis dilini bilir, şahmat üzrə keçirilən yarışlarda da özünü təsdiqləyir. İnanırıq ki, qarşıdan gələn beynəlxalq olimpiadalarda qazandığı yeni uğurlarla bizi sevindirəcək”, - deyə direktor vurğulayıb.

Gimnaziyanın müəllimi Rüfanə Zamanlı isə deyib ki, Q.Talıbov gimnaziyada dərslərə başladığı ilk gündən özünəməxsusluğu ilə seçilib: “Bu özünəməxsusluq təkcə onun qazandığı uğurlarla deyil, həm də tədrisə ciddi, nizam-intizamlı yanaşması və təlim strategiyaları ilə bağlıdır. Qismət yalnız riyaziyyata deyil, digər fənlərə yanaşması, dərsləri fərqli metodlarla öyrənməsi ilə seçilir. Müəllimlərinin hər biri onda olan bu üstün keyfiyyətləri görür və gələcəyinə böyük ümid bəsləyirlər”.

Qismət isə gimnaziyada şagirdlər üçün geniş imkanların yaradıldığını söyləyib, əldə etdiyi nailiyyətlərə görə müəllim və valideynlərinə minnətdarlıq bildirib. “Uğur qazanmağımda riyaziyyat müəllimi olan anamın və digər fənn müəllimlərimin əməyi danılmazdır. Mən onların ümidlərini doğrultmağa çalışıram. İnanıram ki, növbəti yarışlarda da böyük uğurlara imza atacağam”, - deyə o diqqətə çatdırıb.

Elm