ADPU-da TÜRKSOY-un nəşr etdiyi “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib

post-img

Yanvarın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan, tanınmış drammaturq, şair və nasir Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən hazırlanmış "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının təqdimatı keçirilib. ADPU-nun TÜRKSOY kafedrası, TÜRKSOY-un Azərbaycan nümayəndəliyi və Cəfər Cabbarlının ev-muzeyinin  birgə təşkilatşılığı ilə keçirilən təqdimatda ADPU rəhbərliyi, fakültə və sturukturların rəhbərləri, professor-müəllim heyəti, C.Cabbarlının ailə üzvləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri professor Asəf Zamanov Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına töhfələrindən bəhs edib. A.Zamanov Cabbarlının əsərlərinin milli ruhu və türk dünyasına verdiyi dəyərli mesajlarla zəngin olduğunu vurğulayaraq, bu cür nəşrlərin təkcə Azərbaycan üçün deyil, ümumilikdə türk dünyası üçün böyük mədəni irsin qorunub saxlanılmasına xidmət etdiyini qeyd edib. C.Cabbarlının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən vacib işlərdən söz açan prorektor təqdim edilən kitabın drammaturqun ədəbi irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı Cəfər Cabbarlının yaradıcılığının türk dünyası üçün əhəmiyyətindən danışaraq, təşkilat tərəfindən 2024-cü ildə ədibin 125 illik yubileyi çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən bəhs edib. Eyni zamanda "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının redaktoru olan E.Qafarlı diqqətə çatdırıb ki, kitabda C.Cabbarlının yaradıcılığının müxtəlif dövrlərində qələmə aldığı 7 pyesin türk dilinə tərcüməsi yer alıb. Qeyd edilib ki, ötən ilin dekabrında Ankara şəhərində kitabın geniş təqdimatı keçirilib.

Daha sonra Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş edilib. Filologiya fakültəsinin tələbəsi Emiliya Abbasova tərəfindən ədibin “Ana” şeiri səsləndirilib.

Təqdimatın davamında Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” mövzusunda , ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov isə  “Cəfər Cabbarlı yaradıcılığı metodoloji kontekstdə” mövzusunda məruzə ilə çıxış ediblər.  

Cəfər Cabbarlının ev-muzeyinin direktoru, yazıçının nəvəsi Qəmər Bağırova Cabbarlının zəngin irsi, onun həyat və yaradıcılığının müxtəlif dövrləri haqqında ətraflı məlumat verib, muzeyin gördüyü işlər, C.Cabbarlının irsinin qorunması və təbliği istiqamətində atılan addımlar barədə danışıb.

Sonda tədbirin çıxışçılarına sertifikat təqdim olunub və "Cəfər Cabbarlı. Seçmə dram əsərləri"  kitabı hədiyyə edilib.





























Elm