Azərbaycan Turizm və Menecment Universitetində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Xəzər regionunun inkişafını dəstəkləyən “PICASP” (Xəzər regionunda universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları) layihəsinin yekun konfransı olub.
Beynəlxalq və yerli tərəfdaşların iştiraketdiyi konfransda Degli Studi Gabriele D’Annunzio Di Chieti-Pescara Universiteti (İtaliya), Gediminas adına Vilnüs Texniki Universiteti (Litva), Beynəlxalq Biznes Universiteti (Qazaxıstan), Ser.In.Ar. Forlì-Cesena ScpA təşkilatı (İtaliya), Ş.Yesenov adına Xəzər Dövlət Texnoloji və Mühəndislik Universiteti (Qazaxıstan) və Varşava Universitetinin (Polşa), Azərbaycan üzrə tərəfdaşlardan Xəzər Universiteti və “Miras Mədəni İrsin Öyrənilməsinə Kömək” İB-nin səlahiyyətli nümayəndələri təmsil olunublar.
ATMU-nun rektoru İlham Mədətov layihə iştirakçılarını ali təhsil müəssisəsində saıamlamaqdan məmnunluğunu bildirib və tədbirin başlıca mövzusu-başa çatan “PICASP” layihəsinin region üçün önəmindən bəhs edib. ATMU-nun beynəlxalq layihələrdə fəal iştirakına münasibət bildirən rektor İ.Mədətov ATMU-nun yeni təşəbbüslərdə təmsilçiliyə hər zaman hazır olduğunu deyib.
ATMU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, adıkeçən şöbənin mütəxəssisi Aytac Babayeva, İtaliya Respublikasının Degli Studi Gabriele D’Annunzio Di Chieti-Pescara Universiteti üzrə layihə koordinatoru Oliva Menozzi, Xəzər regionunun inkişafını dəstəkləyən ”PICASP”-ın fəaliyyət mexanizmi üzrə yekun hesabatın başlıca tələblərinə və maliyyə ayırmalarına aydınlıq gətiriblər.
Universitetin müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti layihənin faydalı nəticələrindən bəhs ediblər. Tələbələrin layihəyə dair təqdimat- çıxışlarında isə turizm destinasiyalarında yeni biznes planlamasını şərtləndirən innovativ ideyalar əksini tapıb.
Yekunda qeyd olunub ki,“PICASP” layihəsi Xəzər regionunda universitet–sənaye əməkdaşlığının gücləndirilməsi və tətbiqi baxımından əhəmiyyətli faktor olmaqla bərabər, məqsədyönlü platformaların yaradılmasına da təkan verib.
Z.HÜSEYNOVA
XQ