Koreya hökumətinin dəstəyi və Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) tərəfdaşlığı ilə 2022-2024-cü illər ərzində həyata keçirilən “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində Koreyadan nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Yüksək Texnologiyalar Parkının (YTP) baş direktoru Nihat Məcidov ilə görüş keçirilib, “DeltaTech” şirkəti ilə anlaşma memorandumu imzalanıb.
YTP-dən bildirilib ki, layihə çərçivəsində “Texnologiyaların kommersiyalaşdırılması” mövzusunda hesabat seminarı keçirilib. Tədbirdə koreyalı ekspertlər bir sıra mövzularda təqdimatla çıxış ediblər. Yerli ekspertlər tərəfindən görülən işlər və təcrübələr barədə məlumat verilib.
Səfər çərçivəsində heyət Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, “SABAH.HUB” və “Coders” ofisində görüşlər keçirib.