Azərbaycanda keçirilən “Vyetnam günləri” çərçivəsində ölkəmizə səfər edən Vyetnam Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Ha və Hanoy Aşbazlar Assosiasiyasının direktoru Nguyen Xuan Quynh Azərbaycan Turizm və Menecment Universitetində qonaq olublar.
ATMU–nun rektoru İlham Mədətov qonaqları universitetdə salamlamaqdan məmnunluğunu bildirib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında qurulan dostluq əlaqələrinin tarixindən, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyət coğrafiyasının üstünlüklərindən, Vyetnam Sosialist Respublikasının tələbatına uyğun minlərlə elmi işçi, xüsusilə neft sənayesi, investisiya və energetika sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırlığı missiyasının uğurlu təşkilindən danışıb. İ.Mədətov söhbət əsnasında ölkəmizdə turizm sahəsi üzrə peşəkar və güclü kadr potensialının formalaşdırılması tələbini hədəfləyən dövlət ali təhsil müəssisəsi ATMU-nun inkişaf strategiyasında beynəlxalq əlaqələrin daha da genişləndirilməsi istiqamətini önəmli fakt kimi dəyərləndirib.
Öz növbəsində Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Ha səmimi qarşılanmaya görə universitet kollektivinə təşəkkür edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan ilə Vyetnam Sosialist Respublikası arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişafı və genişləndirilməsi müstəvisində təhsil, elm, turizim, sahələrinin xüsusi önəm daşıdığı qeyd olunub.
Görüş iki təhsil qurumu arasında mümkün əməkdaşlıq imkanlarının müzakirəsi və Hanoy Ticarət və Turizm Kollecinin tanıtım təqdimatı ilə başa çatıb.
Zərifə HÜSEYNOVA
XQ