Dörd minə yaxın müəllim təkrar sertifikatlaşdırmada keçid balını toplamayıb

post-img

Təkrar sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin ilkin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilkin nəticələrə əsasən, ölkə üzrə bu il 3424 nəfər ibtidai sinif, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu iyunun 10–13-də aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Eyni zamanda, Təhsil İnstitutu tərəfindən ibtidai sinif müəllimliyi üzrə təkrar sertifikatlaşdırma imtahanında istifadə olunan suallar ictimaiyyətlə paylaşılacaq.

Bu gündən etibarən regional təhsil idarələrində təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlayıb.

Xatırladaq ki, 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 min 227 ibtidai sinif, 9247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8410 müəllimin əməkhaqqına 35 faiz, 23 min 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunur.

2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7296 müəllim iştirak edib.

Elm