Narkomaniya əsrin bəlasıdır. Ağ ölümlə mübarizə artıq dünyanı ağuşuna almış bir problemdir. Narkomaniyaya qarşı mübarizə ölkəmizdə də daim diqqətdə saxlanılır, ciddi işlər həyata keçirilir. Bu işlər çərçivəsində narkomaniyaya qarşı mübarizə ilə bağlı çoxsaylı hüquqi dövlət aktları, proqramları qəbul olunub. Bu da narkomaniyaya qarşı mübarizə ilə bağlı aparılan işlərin bariz nümunəsidir. Məlumdur ki, narkomaniya hüquqi və tibbi bir problemdir. Hər iki istiqamətdə çox geniş işlər həyata keçirilir. Ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın tərkibində fəaliyyət göstərən İşçi Qrupu çoxsaylı tədbirlər həyata keçirir. Biz təşkilat olaraq bu İşçi Qrupu ilə sıx əməkdaşlıq edirik.
Bu fikirləri XQ-ə açıqlamasında Narkotizmlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə bildirdi.
O, qeyd etdi ki, eyni zamanda, hər gün kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin tabeliyində olan Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən nə qədər xüsusi əməliyyat tədbirləri həyata keçirildiyini görürük. Narkotizmlə Mübarizə İctimai Birliyi olaraq bu sahədə maarifləndirmə işində yaxından iştirak edirik. Çalışırıq ki, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə biz də öz töhfəmizi verək. Narkotizmlə Mübarizə İctimai Birliyi olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən xüsusi qrant müsabiqələrinin qalibi oluruq. Onu da qeyd edim ki, agentlik narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzulara çox həssas yanaşır. Biz də təşkilat olaraq bu istiqamətdə qalib olduğumuz layihələri ən yüksək səviyyədə keçiririk. Layihə çərçivəsində günün tələbinə uyğun olaraq qısametrajlı filmlər və sosial çarxlar hazırlayaraq cəmiyyətin maarifləndirilməsinə töhfə verməyə çalışırıq.
Kənan Qubadzadə bildirdi ki, Narkotizmlə Mübarizə İctimai Birliyi cari il üçün də nəzərdə tutulmuş layihənin də qalibi olub. Agentlik tərəfindən elan olunmuş “Ağ ölümlə mübarizə” layihəsinin qalibiyik. Biz bu istiqamətdə də artıq işlərə start vermişik. Builki layihə çərçivəsində Qəbələ, İsmayıllı və Bakı şəhərində gənclərlə görüşlərimiz olacaq. Həmin görüşlərdə təşkilat olaraq çəkəcəyimiz qısametrajlı sosial çarxın təqdimatını edəcəyik. Düşünürük ki, bu cür müasir metodlarla təbliğat-maarifləndirmə işləri həyata keçirərək narkomaniyaya qarşı mübarizədə effektiv nəticələr əldə etmək mümkündür. Onu da deyim ki, təşkilat olaraq bu sahədə Daxili İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edirik. Bu istiqamətdə daha çox maarifləndirmə işləri həyata keçirməklə gənclərin pis vərdişlərə meyillənməsinin qarşısını almaq mümkün olacaq.