Uşaqların kitab bayramı

post-img

Dünən “Gənclik” metrosunun yaxınlığında yerləşən Abu Arena məkanında 3-cü Uşaq Kitab Festivalının açılışı oldu. Festivalının layihə rəhbəri Fatimə Alxaslı artıq 3-cü dəfədir ki, Bakıda belə bir festivalın keçirildiyini bildirdi:

- Festivalın keçirilməsində məqsəd uşaq ədəbiyyatına dəstək olmaq, onları mütaliəyə yönəltmək və kitaba olan sevgilərini artırmaqdır. Festival ərəfəsində uşaqlara nəşriyyatlar birliyi tərəfindən 30000 ədəd kitab daxılı paylanılıb. Onlar bir ay ərzində həmin daxıla yığdıqları pulla festivaldan maraqlı kitablar alırlar. 

Bu ilki festivalın proqramında balaca oxucular üçün 3 gün ayrılıb. İlk gün “Yaşıl Dünya Günü” adlanır. Festival iştirakçıları məhz bu gün  yaşıl rəngli paltarlar geyiniblər. Həmçinin, festivala gələn uşaqlara bitki toxumları da hədiyyə olunub. Bu, onlara təbiəti qorumağı və yeni ağaclar əkməyin faydalı bir iş olduğunu aşılayır. Festivalın 2-ci günü “Milli Geyimlər Günü” adlanır. Məqsədimiz uşaqlara, gənc nəslin davamçılarına milli-mənəvi dəyərləri sevdirməkdir. Son gün isə “Mənim nağıl qəhrəmanım”  adlanır. Həmin gün uşaqlar sevdikləri nağıl qəhrəmanlarının obrazında bəzənib festivala gələcəklər. Düşünürəm ki, bu festival uşaqların yaddaşında maraqlı və qeyri-adi anlarla yadda qalacaq. Bu da onlarda kitablarla bağlı gözəl və xoş xatirələr yaradacaq.

Festivalda uşaq nəşriyyatları da öz stendləri ilə təmsil olunurdular. “Libra” kitab evinin marketinq və piar şöbəsinin mütəxəssisi Leyla Mirzəzadə bildirdi ki, təmsil olunduğu nəşriyyat uşaqlar və valideynlər üçün kitablar nəşr edir: - Nəşriyyatımız artıq 6 ildir ki, fəaliyyət göstərir. Bizim işimiz uşaq ədəbiyyatı sahəsində faydalı və orijinal əsərlər ortaya qoymaqdır. Nəşriyyat çalışır ki, hazırlanan kitablar uşaqların xəyal dünyasını və biliklərini zənginləşdirsin, onlara gələcək həyatlarında faydalı olsun. Ona görə də kitablar seçilərkən ekspertlərin – pedaqoq və psixoloqların rəyi nəzərə alınır. Nəşriyyatımızın stendinə maraq kifayət qədər böyükdür. Elə uşaq var ki, qabaqcadan bəyəndiyi kitabların siyahısını yazıb gətirib. Artıq hansı kitabları alacağını bilir.  

“Kibu” kitab evinin baş meneceri Günel Tağıyeva qeyd etdi ki, art;q iki ildir fəaliyyət göstərirlər. Nəşriyyatlarının məqsədi uşaqlarda kitab zövqünü formalaşdırmaqdır. Stendə yaxınlaşanda uşaqların fərqli kitab seçdiklərinin şahidi olduq. Hər birinin fərqli kitab seçmələri onların gələcəyinin daha işıqlı olmasından xəbər verir. Stendlərdə bir-birindən maraqlı kitablarla yanaşı, uşaqların təfəkkürünü inkişaf etdirəcək oyuncaqlar da vardı. 

Festivalda nəşriyyatların stendlərindən cürbəcür kitablar alan balaca dostlarımıza yaxınlaşdıq. Onlardan festival haqqında təəsuratlarını və daha çox hansı kitablara maraq göstərdiklərini soruşduq. 

Qənizadə Şölə: Festival mənim çox xoşuma gəlir. Burdakı kitablar çox maraqlıdır. Mən də oxumaq üçün “Alisa Möcüzələr diyarında”, “Robin qud” kitablarını aldım.  

Qeyd edək ki, festivalda hər il olduğu kimi, bu ildə biri-birindən maraqlı və əyləncəli tədbirlər təşkil olunub. Bunlara balaca kitabsevərlər üçün nağıl saatı, kitab  təqdimatları, şeir saatı, kukla tamaşası, şou proqram (animatorlarla oyunlar) daxildir . 

Fidan SALMANOVA
XQ



















Elm