Azərbaycan kökənli tayfalar Əfqanıstanda...

post-img

Azərbaycanlıların yaşadığı xarici ölkələrdən biri də Əfqanıstandır. Rəsmi statistikaya görə, Əfqanıstan ərazisində soydaşlarımızın sayı 400 min, qeyri-rəsmi mənbələrə görə isə, 2 milyon nəfərə çatır. Bəs azərbaycanlılar Əfqanıstanda nə vaxtdan yerləşib? Bu suala cavab almaq üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı ilə görüşdük:

–  Azərbaycan kökənli əhalinin Əfqanıstanda məskunlaşması barədə tarixi mənbələr nə deyir?

– Əfqanıstanda yaşayan zərbaycanlıların bu bölgəyə gəlişi XI–Xll əsrlərə təsadüf edir. Məsələn, əfşarlar bura səlcuqlarla birlikdə gəliblər. Daha sonra, Nadir şah Əfşarın dövründə (1736-1747) Qarabağ bölgəsindən Qacar, Şahsevən, Bayat, Otuziki və digər tayfaların Mərv, Qəndəhar, Qəznə bölgələrinə köçürülmə prosesi davam edib. Həmin dövrdə Qarabağdan Mərv şəhərinə köçürülmüş qarabağlılar 1750-ci illərdən sonra özbək–əfqan hərbi münaqişələri zəminində Herat şəhərinə keçməyə məcbur olublar. Məhz Mərv şəhərindən Herata gəldikləri üçün burada mərvilər kimi tanınırlar. 

Qarabağdan köçürülən soydaşlarımızın bir hissəsi öz dillərini unudaraq dəri (dari) dilində danışsalar da, mərvilər öz ana dilini – Azərbaycan dilini qoruyub saxlayıblar. Mərvilər əsasən Əfqanıstanın Şəkiban adlı qəsəbəsində yaşayırlar və sayları təqribən 18 min nəfərdən ibarətdir. Onlar öz dillərini, mədəniyyətlərini və etnik kimliklərini qoruyub saxlayıblar. Onu da qeyd edək ki, Səfəvilərin, Əfşarların, Qacarların hakimiyyəti dövründə bu gün Əfqanıstanda yaşayan soydaşlarımızın babaları Mərv, Herat, Qəndəhar və digər ərazilərdə əyalət hakimləri vəzifəsini daşımış, yüksək mənsəb sahibi kimi geniş imtiyazlara malik olmuşlar. 

– Məlumdur ki, Əfqanıstanda qızılbaşlar da çoxdur. Onlar ölkə konstitusiyasında rəsmi olaraq etnik qrup kimi tanınırlar. Hətta əfqanların dövlət himnində də qızılbaşların adı qeyd olunur...

– XVII əsrin əvvəllərində Səfəvi hökmdarı Şah I Abbas tərəfindən imperiyanın Şərq sərhədlərini qorumaq və etnik dayaq yaratmaq məqsədilə Əfqanıstan ərazisində bir çox etnoslar, xüsusilə də qızılbaşlar məskunlaşdırılıb. Bu proses yuxarıda qeyd etdiyimiz kimi, 1737-ci ildən sonra Nadir şah və Abdallı Əhməd xan Durrani (İlk əfqan şahı) tərəfindən də davam etdirilib. Bu gün Əfqanıstanda yaşayan qızılbaşlar ölkənin ən savadlı kəsimi sayılır və bir çox dövlət işləri onların əlindədir. Qızılbaşların sayının 400 minə yaxın olduğu bildirilir. Onların böyük əksəriyyəti dəri (fars) və tacik dillərində danışırlar. Öz dillərini qoruyub saxlayanlar da var. Qızılbaşlar Əfqanıstan konstitusiyasında rəsmi olaraq etnik qrup kimi tanındığı üçün onların da adı dövlət himnində ifadə olunub.

– Çağdaş Əfqanıstanda Azərbaycan mənşəli toponimlərə də rast gəlinir. Bu yer adları haqqında danışardınız...

– Əfqanıstanda yaşayan azərbaycanlı soydaşlarımız öz kimliklərini toponimlərdə yaşadaraq, doğma Vətənlərindən apardıqları Qarabağ, Bayat, Şəki, Afşar kimi yer adlarını öz yaşadıqları məntəqələrə veriblər. Bundan başqa, hazırda Əfqanıstanda Əfşar, Əfşar-təpə, Əfşar-nənəkçi, Bayat, Şahağası, Otuzikilər, Şahsevən kimi yer adları da mövcuddur. Qarabağ adlı iki yaşayış məntəqəsindən biri Kabil şəhərindən 60 kilometr şimalda, Baqram aviabazasının 20 kilometr cənub-şərqində yerləşir. Burada təxminən 20 min əhali yaşayır. İkinci Qarabağ rayonu isə Qəznə vilayətinin eyni adlı mərkəzindən cənubda yerləşir və əhalisinin sayı 60 minə yaxındır. Mərvilərin yaşadığı qəsəbələrdən biri Şəki-Ban adlanır. 

– Siz Herat şəhərində olarkan Əfqanıstandakı azərbaycanlılarla görüşmək imkanınlz oldumu?

– Bəli, Herat şəhərində olarkən belə bir imkan əldə etdik. Azərbaycan alimlərinin Əfqanıstana gəldiyini eşidən soydaşlarımız uzaq yol qət edərək bizimlə görüşmək üçün gəlmişdilər. Bayat etnik birliyinin rəhbəri Əsədullah Sahab, Firudin Mahmudi, Qızılbaş icmasından olan Əhməd Rəşad Cahid, Nüsrətullah Mudasser, Mərvi icmasının nümayəndələri Fərid Şabanpur, Çolam Hidar Dost, doktor Nasir Əhməd Niyazi, Əfşar icmasından Əli Sina Əfşarla görüşdük. Onlar Əfqanıstanda yaşayan azərbaycanlıların öz etnik kimliklərini, adət-ənənələrini və dillərini qorumasında əllərindən gələni ediblər. İcma rəhbərlərinin bizə verdikləri məlumatlara görə, soydaşlarımız bu ölkədə əfqan dilində təhsil alırlar. Təhsil səviyyəsi qənaətbəxşdir. Hətta bir çox soydaşlarımız Türkiyə universitetlərində təhsil alıb. Hazırda Əfqanıstanda işləyərlər də çoxdur. 

Gənclər gələcəkdə bizim universitetlərdə təhsil alaraq, Azərbaycan dilini öyrənmək və Əfqanıstanda soydaşlarımıza öyrətmək arzusundadırlar. Təəssüflər olsun ki, “Taliban” hakimiyyətə gələndən sonra qeyri-rəsmi icmalar belə tamamilə qadağan edilib, hətta icma rəhbərlərinin böyük əksəriyyəti mühacir edərək Almaniya, İraq, Fransa, Qətər və digər dövlətlərdə siyasi qaçqın statusu ilə məskunlaşıblar. 

– Məlumdur ki, dünyanın bir çox ölkələrində Qızılbaş irsinin davamçıları yaşayır. Onlarla Azərbaycan Respublikası arasında əlaqələr varmı və bu irsin təbliğatı üçün nə kimi dəstək göstərilir?

– Qızılbaş kökənli Babək Hüseynli “Qızılbaş” Qlobal İrsi Şurası Təşkilatını yaradıb. Bu təşkilatda xaricdə yaşayan soydaşlarımız təmsil olunurlar. Onlar müxtəlif ölkələrdə yaşayan Qızılbaş nəslinin davamçılarını “Qizilbash Global Heritage Şura” səhifəsi adlı “Fasebook” sosial şəbəkəsi üzərindən bir araya toplayıblar. Bu səhifədə 30-dan artıq ölkədən minlərlə həmvətənimiz aktiv fəaliyyət göstərir, müxtəlif sahələrdə fikir və informasiya mübadiləsi aparır. Qrup üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Onlar soy-köklərinə bağlılıq nümayiş etdirir, Qızılbaş mahiyyətləri və Azərbaycanəsilli olmaları ilə qürur duyurlar. “Əsas məqsədimiz Azərbaycanı, dilimizi, tariximizi, zəngin mədəniyyətimizi tanıtmaq, dünyanın hər yerində Azərbaycana bağlı insanların sayını artırmaqdır”, - deyirlər. 

Azərbaycan Respublikasının müvafik qurumları “Qızılbaş” Qlobal İrsi Şurası Təşkilatı ilə yaxından əməkdaşlıq edir. Bu məqsədlə 2023-cü ilin noyabr ayında Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondu və “Qızılbaş” Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans keçirilib, bu gün də bu istiqamətdə əməkdaşlıq davam edir. 

– Mövcud vəziyyətdə Əfqanıstanda yaşayan soydaşlarımızın Azərbaycana mədəni və etnik inteqrasiyası üçün nə etmək lazımdır?

– Əfqanıstanda yaşayan Azərbaycan kökənli əhalinin ölkəmizə mədəni və etnik inteqrasiyası olduqca vacibdır. Çünki dövlətimizin Cənub-Şərqi Asiyanın əhəmiyyətli dövlətlərindən biri olan Əfqanıstanda geosiyasi maraqlarını qoruya biləcək böyük bir toplum məhz burada yaşayır. Etnik kimliklərini qoruyaraq özlərini azərbaycanlı hesab edən, Azərbaycana bağlı olduqlarını bu gün də dərk edən toplumu formalaşdırmaq və münasibətləri inkişaf etdirmək olduqca vacibdir. Bunun üçün ilkin olaraq aşağıdakı təşəbbüslər məqsədəuyğundur: 

1. Əfqanıstanda yaşayan Azərbaycan kökənli əhalinin öz ana dilini (Azərbaycan dilini) öyrənməsi üçün internet üzərindən onlayn dərslər keçirilməli;

2. Əfqanıstanda azərbaycanlıların kompakt yaşadığı əyalətlərdə mədəni-maarif mərkəzləri və kitab evləri yaradılmalı; 

3. Əfqanıstanda yaşayan azərbaycanlıların Azərbaycan universitetlərində oxuması imkanları nəzərdən keçirilməli; 

4. Bu ölkədəki azərbaycanlı iş adamlarının Azərbaycanda biznes-ticari fəaliyyətlərinin qurulması nəzərdən keçirilməli. Çünki onların Azərbaycanda qazandıqları maliyyə vəsaiti Əfqanıstanda yaşayan soydaşlarımızın elm və təhsilinin yüksəlişinə kömək edə bilər; 

5. Əfqanıstan azərbaycanlılarının Azərbaycana turizm axınları üçün münbit şərait yaradılmalı və təşviq edilməlidir. 

Bu və digər tədbirlərin həyata keçirilməsi Əfqanıstan azərbaycanlılarının dövlətimizə bağlılığını gücləndirməklə yanaşı, Avro-Asiya nəqliyyat dəhlizinin Əfqanıstandan keçən hissəsində (Lacivərd yolu) ölkəmizin geoiqtisadi maraqlarının təmin olunmasına imkan yaradacaqdır. Məlumdur ki, İkinci Qarabağ savaşından sonra Azərbaycan–Əfqanıstan əlaqələrinin inkişafı üçün geniş imkanlar yaranıb. İstər Birinci Qarabağ savaşında, istərsə də İkinci Qarabağ müharibəsində bizi dəstəkləyən əfqan dövləti və xalqı öz milli xarakterini ortaya qoyub. Bu mövqenin nümayiş olunmasında Əfqanıstanda yaşayan türksoylu xalqların rolunu da danmaq olmaz. Bu gün Əfqanıstanda Azərbaycana qarşı isti və səmimi bir münasibət hökm sürməkdədir. Əfqanıstanın dostları siyahısında Azərbaycan və Türkiyə ön cərgədədirlər. Zaman-zaman tarixi və mədəni birliyimizi, mədəni əlaqələrimizi, bu diyarda yaşayan milyonlarla soydaşlarımızı nəzərə alaraq Azərbaycan–Əfqanıstan əlaqələrinin inkişaf etdirilməsi hər iki ölkə üçün olduqca əhəmiyyətli və vacibdir.

– Bir neçə gün öncə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində CBC telekanalının hazırladığı “Azərbaycan Qızılbaşları Əfqanıstanda” sənədli filminin təqdimatı olub. Filmin çəkilişində elmi heyətdə siz də iştirak etmisiniz. Bu haqda məlumat vermənizi xahiş edirəm. 

– İlk öncə bu sənədli filmin çəkilişinə görə CBC telekanalına və ssenari müəllifi Ruslan bəyə təşəkkürümü bildiririrəm. Bu sənədli filmin çəkilişində AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosenti Fərəh Hüseyn, mən – dosent Mübariz Ağalarlı, dosent Tofiq Nəcəfli, türkiyəli tədqiqatçı, professor Ahmet Daşqın və digər elm adamları, həmçinin diaspor nümayəndələri iştirak ediblər. Filmdə Əfqanıstanda yaşayan soydaşlarımızın, xüsusilə də qızılbaşların gerçək tarixi, həyatı, mövcud sosial-iqtisadi vəziyyəti, əfqan cəmiyyətində rolu ətraflı şəkildə əks olunmuşdur. Bu tipli sənədli filmlərin çəkilişini olduqca əhəmiyyətli hesab edir və belə çəkilişlərin dünya azərbaycanlılarının tarixinin, mədəniyyətinin, mövcud durumunun öyrənilməsində, xüsusilə də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın inteqrasiya prosesinə böyük töhfələr verəcəyini əminliklə vurğulayıram. 

Pünhan ƏFƏNDİYEV

XQ





Elm