İyul sammitində NATO ölkələri Ukrayna münaqişəsinə yeni yanaşmanı təsdiqləyə bilər. İtaliyanın “Corriere della Sera” qəzeti sənəd layihəsinə istinadən yazır ki, alyans Ukraynaya hərbi yardımın koordinasiyasını öz üzərinə götürəcək, eyni zamanda, silahlı münaqişəyə birbaşa müdaxilədən imtina edən bəyannamə imzalayacaq.
"Corriere della Sera" yazır ki, NATO sammitində daha bir mühüm məsələ həll olunacaq: Ukraynaya yardım üçün “Ramşteyn Qrupu”nun rəhbərliyi Pentaqon rəhbəri Lloyd Ostindən NATO-nun Brüsseldəki mənzil-qərargahına köçürüləcək. Nəşr qeyd edir ki, yardımın daha səmərəli idarə olunması şəklində praktiki səbəblə yanaşı, bu addımın siyasi izahı da var. Bu halda qrupun hərəkətləri ictimai rəyin və xüsusən də Rusiya prezidenti Vladimir Putinin gözündə daha demokratik görünəcək.
Fevral ayında Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritmək imkanını qəbul etdiyini bildirib. O, daha sonra aydınlaşdırıb ki, bu, yalnız Ukrayna hakimiyyətinin bunu tələb etdiyi halda baş verəcək. Bu bəyanatdan sonra Kiyevin bir sıra müttəfiqləri, o cümlədən Almaniya, ABŞ və Polşa Ukraynaya qoşun göndərmək planının olmadığını bildirdilər.
NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO sammitində G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verən bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, sənədi dəstəkləyən hər bir ölkə konkret uzunmüddətli öhdəlikləri müəyyən etmək üçün Ukrayna hakimiyyəti ilə danışıqlar aparmalıdır.
S.ELAY
XQ