Gənc alim və tədqiqatçılar üçün 8-ci qrant müsabiqəsi elan edilib

post-img

Azərbaycan Elm Fondu gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara tədqiqat aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, eləcə də elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədilə 2024-cü ildə Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini (AEF-GAT-8-2024-1(49)) elan edir.

XQ xəbər verir ki, gənclər üçün yaşıl təhsil; ekoloji şüurun və həmrəyliyin təşviqi; gənclər və dairəvi iqtisadiyyat: tullantıların azaldılması və resurs həmrəyliyi üçün strategiyalar; yaşıl innovasiya mərkəzləri: ətraf mühit problemləri üçün gənclərin rəhbərlik etdiyi həllərin tərtib edilməsi və s. kimi mövzular müsabiqənin əsas istiqamətləri kimi qeyd olunub.

Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün layihələr 14 mart - 19 aprel 2024-cü il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2024-cü ilin sonunda açıqlanması planlaşdırılır.

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində dərc olunacaq.

Anar ƏLİ

XQ

Elm