Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri filialın müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin malik olduğu rol, onun zəngin həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti haqqında geniş danışıb. O, Rəsulzadənin yaşadığı dövrdən, onu yetişdirən mühitdən bəhs edib.
Sonra Aran filialının elmi işçisi Ülviyyə Yusifova “M.Ə.Rəsulzadənin həyatı və yaradıcılığı siyasi fəaliyyəti fonunda” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Rəsulzadənin həyatı, yaratdığı, üzv olduğu təşkilat və qurumlar haqqında danışaraq, onun siyasi fəaliyyəti boyunca Azərbaycan və digər ölkələrdə gördüyü mühüm dövlət əhəmiyyətli işlərdən söz açıb. Həmçinin onun ədəbi-bədii yaradıcılığı, əməkdaşlıq etdiyi qəzet və dərgilər, ədəbiyyatşünaslıq üçün vacib monoqrafik əsərlərindən bəhs edib.
Tədbirdə çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filiallar üzrə direktor müavini Ləman Muxtarzadə M.Ə.Rəsulzadənin Cümhuriyyət yarandıqdan sonra yeni müstəqil dövlətin demokratik əsaslarla idarə olunmasında parlamentin vacibliyindən, Rəsulzadənin parlamentin təsis olunmasında rolundan, bu xüsusda olan yazıları və çıxışlarından danışıb. O, Üzeyir Hacıbəyovun Rəsulzadənin parlamentin açılış nitqi haqqında dediyi sözləri səsləndirib.
Sonda şagirdlər M.Ə.Rəsulzadənin şeirlərindən nümunələr səsləndiriblər.
İştirakçılar Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx və onun haqqında çəkilmiş sənədli filmdən epizodu izləyiblər.
Qabil YUSİFOĞLU
XQ