AMEA Rəyasət Heyətinin iclası keçirilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda müzakirə olunan birinci məsələ 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır və o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə də öz töhfəsini verir. Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu xatırladan akademik İsa Həbibbəyli bu gün alimlərimizin həmin bölgələrdə müxtəlif tədqiqatlar apardıqlarını, dövlətimizin quruculuq işlərinə öz töhfələrini verdiklərini deyib. Həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsinin Azərbaycanın beynəlxalq arenada malik olduğu hörmət və nüfuzunun göstəricisi olduğunu söyləyib.

İclasda AMEA-nın elmi bölmələrinə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Müzakirə olunan növbəti məsələ Prezidentin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, sözügedən Sərəncamda AMEA-ya müvafiq dövlət qurumları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. 

Azərbaycan Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri kimi XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli Akademiyanın bir sıra elmi müəssisələrində Rəsulzadənin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, sözügedən Sərəncamın onun irsinin yenidən araşdırılmasına işıq salacağını söyləyib.

İclasda AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında da müzakirələr aparılıb. Bundan əlavə, iclasda AMEA-nın yeni loqotipinin (embleminin) hazırlanması üçün müsabiqənin keçirilməsi də qərara alınıb. 

İclasda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin və millət vəkili Fəzail Ağamalının AMEA-nın Qərbi Azərbaycan Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibinə daxil edilməsi qərara alınıb.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər – Arif Həşimov, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, İsmayıl Hacıyev, Muxtar İmanov, Teymur Kərimli, AMEA-nın müxbir üzvləri – Qurban Yetirmişli, Ərtegin Salamzadə, Musa Qasımlı, professorlar -  İlham Məmmədzadə, Məmməd Əliyev, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

XQ



Elm