Bakıda MQF-nin ümumrespublika forumu keçirilib

post-img

Yanvarın 10-da Azərbaycan Milli QHT Forumunun (MQF) ümumrespublika forumu keçirilib.

XQ xəbər verir ki, Forumda 300-dək qeyri-hökumət təşkilatının (QHT) rəhbəri iştirak edib.

Tədbirdə çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni respublikanın müxtəlif bölgələrində baş tutan regional forumların əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, bundan əvvəlki regional forumlar göstərib ki, QHT-lər çox böyük potensiala malikdir: “Hesab edirik ki, bu forumları davamlı olaraq təşkil etməliyik və edəcəyik”.

R.Zeyni, eyni zamanda, Azərbaycan xalqını 7 fevral növbədənkənar prezident seçkilərində fəal olmağa çağırıb, hər kəsi özünün vətəndaşlıq məsuliyyətini dərk etməyə dəvət edib.

Bir sıra QHT sədrləri çıxış edərək vətəndaş cəmiyyətinin inkişafında ictimai təşkilatların rolundan, tarixi Qarabağ Zəfərimizdən, qarşıdan gələn növbədənkənar prezident seçkilərindən söhbət açıblar. 

Tədbirin yekunu olaraq Azərbaycan Milli QHT Forumu Prezident seçkilərində İlham Əliyevə dəstək bəyanatı qəbul edib.

Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu (MQF) 1999-cu il iyun ayının 11-də 95 QHT tərəfindən təsis edilib. QHT hərəkatının genişlənməsi və koordinasiyası, həmçinin onların dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, eləcə də media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması məqsədilə yaradılan Milli QHT Forumu hazırda 600-dən çox təşkilatı özündə birləşdirir.

Anar TURAN
XQ







Sosial həyat