Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında vəsatət qaldırıldı

post-img

Bu gün AMEA-nın Kimya Elmləri bölməsinin ümumi iclası keçirilib. Bölmə sədri, AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev iclası açaraq gündəlikdə olan məsələlərlə iclas iştirakçılarını tanış edib.

Bölmə üzvlərinin nəzərinə çatdırılıb ki, 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş Şimali Karolina Universitetinin professoru Əziz Səncər nüklein turşularının (DNT) təmiri (reparasiya) sahəsində çox qiymətli tədqiqat işlərinin müəllifi kimi elmi ictimaiyyətə yaxşı tanışdır. Nobel komitəsinin fikrinə görə DNT-nin hüceyrədə normal replikasiyası zamanı və ya müxtəlif fiziki və kimyəvi amillərin təsiri nəticəsində baş verən zədələnmələrin axtarılması və aradan qaldırılmasına yönələn tədqiqatların əhəmiyyəti çox böyükdür. Bu sahədə mövcud olan mexanizmlərin və sistemlərin pozulması bir çox ağır irsi xəstəliklərin yaranmasına səbəb olur və ümumiyyətlə, belə təmir mexanizmləri olmadan çətin ki, həyatın mürəkkəb formaları mümkün olardı.

Azərbaycanı özünün vətəni bildiyi professor Əziz Səncər dəfələrlə Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir. Onun həyat hekayəsi ətraflı şəkildə Orxan Bursalının “Əziz Səncər və Nobel öyküsü” (2016) kitabında təsvir olunmuşdur. Bütün bunları nəzərə alaraq professor Əziz Səncəri AMEA-nın fəxri üzvü seçmək haqqında niyyətimiz ona bildirilmişdir. Əziz Səncərin 25 oktyabr 2023-cü ildə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı məktubda öz minnətdarlığını bildirərək AMEA-nın fəxri üzvü seçilməsinə razılığını ifadə etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin 5.6; 5.9; 5.15; 5.16 və 10.10 bölmələrini əsas götürərək Kimya Elmləri Bölməsinin ümumi iclasında AMEA-nın həqiqi üzvləri açıq səsvermə yolu ilə yekdilliklə professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsini AMEA-nın Ümumi yığıncağına tövsiyə ediblər.

Ümumi iclasda Kimya Elmləri Bölməsinin İnstitutların illik hesabatına həsr olunacaq ümumi iclasının keçirilmə tarixi, hesabatların hazırlanması və təqdimatı ilə əlaqədar bir sıra məsələlər də müzakirə edilib.

Anar ƏLİ

Elm