Noyabrın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib. Konfransda Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gətirilmiş, ölkəmizdəki milli birlik və dini həmrəylikdən bəhs edən videoçarx nümayiş etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Sahib Nağıyev açılış nitqi ilə çıxış edərək Azərbaycanda mövcud tolerantlığın əsrlərə söykəndiyini qeyd edib və bu tarixi ənənənin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin danılmaz rolunun olduğunu bildirib.
Ardınca Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İctimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Elnur Əfəndiyev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Bibliya Cəmiyyəti Xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin tolerantlığa verdiyi önəmdən, həyata keçirdiyi müdrik siyasət nəticəsində respublikamızda yaşayan dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, ölkəmizin nümunəvi tolerantlıq modelini formalaşdırmasından söhbət açıblar. Eyni zamanda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərindəki inkişaf, ölkədə etiqad azadlığı üçün yaradılan şərait, dini dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə göstərilən xüsusi qayğıdan söhbət açılmışdır.
Konfrans fərqli dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış ənənələrinin əhəmiyyəti barədə müzakirələrlə davam etmişdir.
Anar Əli,
XQ