İstanbulda Zəfər Gününə həsr olunmuş elmi konfrans keçirilib

post-img

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Qafqaz Tarixi Mərkəzi və Türkiyənin Halkalı Fən Elmləri Mərkəzi tərəfindən İstanbul şəhərində yerləşən Halkalı Fən Elmləri Mərkəzində elmi konfrans keçirilib.

“XQ”nin məlumatına görə, tədbiri giriş sözü ilə açan Halkalı Fən Elmləri Mərkəzinin rəhbəri Tanər Korhan Azərbaycanın Zəfər günü barədə qısa məlumat verib. Daha sonra ulu öndər Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və Vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qafqaz Tarixi Mərkəzinin Türkiyə nümayəndəliyinin rəhbəri, ehtiyatda olan polkovnik Akif Qasımov “Dəmir yumruq əməliyyatı” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında 2020-ci il sentyabrın 27-də başlanan, 44 gün davam edən və işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifəsinə, xalqımızın qürur mənbəyinə çevrildiyini deyib.

Təqdimatda Azərbaycan Ordusunun inkişafında ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində görülmüş işlər, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir ordu quruculuğu barədə ətraflı məlumat verilib. Eyni zamanda Ali Baş Komandanın rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, elmi-tədqiqat işləri, hərbi sənaye kompleksi, uğurlu daxili və xarici siyasət strategiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər iştirakçıların diqqətinə çatdırılıb.

Elmi konfransda iştirak edən Kiçikçəkməcə Türk Kızılay rəhbəri Hüseyin İpek, Kiçikçəkməcə AK Parti rayon rəhbərinin müavini Cengiz Kızıldağ, Kiçikçəkməcə MHP rayon təşkilatı rəhbəri Haydar Güney, Kiçikçəkməcə BBP rayon rəhbəri Mehmet Cem Özel, Kiçikçəkməcə Yeniden Refah Partiya başkanvekili Tamer Sönmezler, Kiçikçəkməcə Türkiyə İttifak Partiyası rayon rəhbəri Vahit Tayfun, Kiçikçəkməcə keçmiş bələdiyyə rəhbəri müavini, əvvəlki dönemki bələdiyə Enver Şengül, jurnalist Engin Zafer, Halkalı məhəllə muxtarı Yusuf Ergül, Azərbaycan məktəbinin müəllimi Elnarə Fətullayeva çıxış edərək Azərbaycan Ordusunun qəhrəmanlığını və şücaətini qeyd ediblər.

Tədbirdə Türkiyənin bu bölgədə fəaliyyət göstərən çoxsaylı qurumlarının nümayəndələri, şagirdlər və tələbələr iştirak edib. Azərbaycan məktəbinin şagirdləri ölkəmizlə bağlı şeirlər söyləyib və Qarabağ Zəfəri ilə əlaqədar video-çarxlar nümayiş olunub. Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.


S.HƏMİD,
XQ













Elm