Azərbaycan Milli Arxiv İdarəsinin Şirvan filialında Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqil ölkəmin qəhrəman oğulları” adlı sənəd sərgisi təşkil edilib.
Sərgidə Dövlət Arxivi Şirvan filialının rəhbərliyi, əməkdaşları, o cümlədən Şirvan şəhər 1 nömrəli və 20 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Şəhidlərin xatirəsinin anılması ilə başlayan tədbiri Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova açaraq Azərbaycanın keçdiyi müstəqillik yolu barədə iştirakçılara geniş məlumat verib. Natiq 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisi olan və 18 oktyabr 1991-ci ildə Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etməsindən danışıb, Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün göstərdiyi misilisiz xidmətləri qeyd edib.
N.Məmmədova Heydər Əliyev irsinin layiqli davamçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyinin 20 illiyi haqqında fikirlərini bölüşüb, Xankəndi şəhərində bayrağımızın dalğalandırılması ilə süverenliyimizn tam bərpa olunduğunu qeyd edib.
Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə filialda mühafizə olunan “Vətən müharibəsi şəhidləri - Zəfərimizin Qəhrəmanları” adlı 435 saylı fondun 24 siyahısı üzrə 17 rəsm əsərindən və 209 foto sənədindən istifadə olunub. Belə ki, adıçəkilən fonda aid olan şəhidlərin məktəb illərində çəkdiyi rəsmlər, onların qazandığı nailiyyətlər, xatirə şəkilləri və onlara aid digər şəxsi mənşəli sənədlər nümayiş olunub.
Rizvan FİKRƏTOĞLU
XQ