“Ölümdən sonrakı Həyat”

post-img

Nizami Kino Mərkəzində “Ölümdən sonrakı Həyat” qısametrajlı bədii filminin qala geçəsi keçirilib. Film qısa zaman kəsiyini əhatə etsə də, özündə böyük məna ehtiva edir. Ekran işində cəmiyyətdə kitaba olan etinasızlıq, yazıçılara və sənət adamlarına yalnız ölümündən sonra dəyər verilməsini əks etdirən kadrlar yer alıb. 

Kitablarının satılacağını ümidlə gözləyən Ceyhun adlı yazıçı “Ölümdən sonrakı Həyat” adlı romanın müəllifidir. Hər gün kitablarının satılıb-satılmadığı ilə maraqlanır və digər həmkarlar kimi gözəl və işıqlı gələcəyə böyük ümidlər bəsləyir. Bir gün küçədə fikirli-fikirli gəzərkən, tanımadığı gənc ona yaxınlaşır, “Ölümdən sonrakı Həyat” kitabını oxuduğunu və çox bəyəndiyini deyir. Yazıçının piyada gəzdiyini görüb onu maşını ilə evinə qədər aparmağı təklif edir. Yol boyu tanımadığı adamla söhbət edən Ceyhun kitablarının satılmadığından, müasir gənclərin kitaba olan maraqlarının azalmasından gileylənir. Söhbətlərindən də belə məlum olur ki, indi gənclər artıq əvvəlki kimi kitab oxumaq istəmirlər. Əksinə, sosial şəbəkələrdə gündəlik həyatları ilə bağlı videolar çəkir, bütün həyatlarını bu işə sərf edir və gəlir qazanmağın daha asan yollarını seçirlər. Yazıçı eşitdiklərindən çox məyus olur, ümidsiz halda evinə dönür. Bir müddətdən sonra yağış suları altında taxtaları çürümüş, köhnə və baxımsız evində ölü halda tapılır. Sonda isə yalnız ölümündən sonra dəyəri bilinən insan obrazı görürük və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirinin misraları qulağımızda səslənir...  

Azərbaycanın Xalq artisti Məmməd Səfa Qasımov XQ-ya filmdə oynadığı rolu barədə danışdı: “Filmin baş qəhrəmanı çox çətin bir həyat yaşayan, həyatdan istədiklərini heç də asan əldə edə bilməyən şəxsdir. Yaxşı yazıçı olmasına baxmayaraq, həyatda öz yerini tapa bilmir. Düşünürəm ki, bütün bunlara görə cəmiyyəti günahlandırmaq düzgün deyil. İnsan öz- özü ilə mübarizə aparmağı bacarmalıdır”.

Qeyd edək ki, filmin lahiyə rəhbəri Ariz Məmmədov, prodüseri Kənan Səfər, quruluşçu rejissoru Elvin İsmanlı, ssenari müəllifi isə Elşən Məmmədlidir. Filmdə rolları Xalq artisti Məmməd Səfa Qasımov, gənc aktyorlar Vüqar İmanov, Kamil Vəlicanov və başqaları ifa edirlər. 

Fidan SALMANOVA

XQ





Mədəniyyət