AMEA-nın Mərkəzi Elmi Kitabxanasında YAP Yasamal rayon təşkilatının tədbiri keçirilib

post-img

İyulun 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı ilə YAP Yasamal rayon təşkilatının İstiqlaliyyət küçəsi 30 (AMEA Rəyasət Heyəti) ünvanı üzrə ərazi partiya təşkilatının birgə tədbiri keçirilib. 

AMEA-dan aldığımız məlumata görə, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzi Elmi Kitabxanadakı büstü önünə gül dəstələri qoyaraq, dahi liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Görkəmli dövlət xadimi xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. 

Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin fədakar əməyi və təşkilatçılığı ilə xüsusilə iqtisadi inkişafın dinamikası Azərbaycanda keçmiş ittifaq respublikalarından xeyli yüksəkdə olub. O, Heydər Əliyevin Azərbaycanda ordu quruculuğunun da əsasını qoyduğunu deyərək müstəqillik dövründə Ulu Öndərin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılmasının önəmini vurğulayıb. Bəxtiyar Nəbiyev hərbi liseyin yetirmələrinin Qarabağ uğrunda apardığımız Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdiklərini diqqətə çatdırıb. 

YAP Yasamal rayon təşkilatının sədri bildirib ki, Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250-dən çox müəssisə yaradılıb, yüz minlərlə yeni iş yeri açılıb, çoxsaylı yaşayış massivləri salınıb. O, Ulu Öndərin Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xidmətlərini xüsusi qeyd edib. 

“Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımız erməni işğalından azad edildi, tarixi Zəfər qazanıldı”, - deyə Bəxtiyar Nəbiyev vurğulayıb.

Sonra Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. 

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın intibahının Ulu Öndərin hakimiyyətə gəlişi ilə başladığını bildirib, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda dövlət quruculuğu sahəsində görülən işlərdən bəhs edib. Bildirib ki, görkəmli dövlət xadiminin hakimiyyəti illərində ölkəmizdə iqtisadiyyat, sosial sahə, sənayeləşmə, aqrar sahə, elm, təhsil, mədəniyyət və digər sahələr özünün yüksək inkişaf səviyyəsinə çatmış, Azərbaycan keçmiş Sovet İttifaqına daxil olan ölkələr arasında ən inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. 

AMEA rəhbəri qeyd edib ki, Heydər Əliyevin elm və təhsilimizin inkişafına göstərdiyi xüsusi dəstək, ana dilimizin təkmilləşdirilməsi istiqamətində atdığı əhəmiyyətli addımlar Ulu Öndərin ölkəsinə sadiq, milli ruhlu lider olduğunu bir daha nümayiş etdirir. Onun sözlərinə görə, dahi lider Azərbaycan xalqını mənəvi dəyərlərin qorunması vasitəsilə milli köklərə bağlamaqla və milli-mənəvi özünüdərk proseslərini dərinləşdirməklə gələcək müstəqilliyə hazırlamışdır. Elm, mədəniyyət, ədəbiyyat siyasəti, ilk növbədə, bu sahələrin inkişafına yönəldilməklə yanaşı, xalqa öz qədim tarixə malik dövlətçiliyini, mənliyini dərk etməyə şərait yaratmış, müstəqillik idealları bu əsasda formalaşdırılmışdır. 

“Hesab edirəm ki, Heydər Əliyevin Sovet hakimiyyəti illərindəki çoxcəhətli, parlaq xidmətlərinin nəticəsidir ki, Azərbaycan Sovet İttifaqına daxil olan respublikalardan ictimai şüurun inkişafına, dövlətçilik təfəkkürünə görə xeyli yüksəkdə olmuşdur”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb. 

AMEA prezidenti əlavə edib ki, Azərbaycan ziyalısının ən böyük inkişaf dövrlərindən biri XX əsrin əvvəlinə – Sovet İttifaqının qurulması tarixinə qədər olmuş, yalnız Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan ziyalılığı yenidən formalaşdırılaraq inkişaf etdirilmiş, millli ziyalılıq fenomeni yaradılmışdır. 

O, Ulu Öndərin ilk hakimiyyəti dövründə beş yeni ali təhsil ocağının yaradıldığını, eləcə də elmi məktəblərin təsis olunduğunu qeyd edib, Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının inkişafına dəstək verdiyini və bu elm məbədinin 1975-ci ildə SSRİ-nin dövlət mükafatlarından olan “Xalqlar Dostluğu” ordeninə layiq görüldüyünü diqqətə çatdırıb. 

Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin müstəqillik illərindən sonra da ziyalılara mövqeyini dəstəklədiyini, ziyalılardan ibarət milli parlamentin qurulduğunu vurğulayıb.  

Bu gün Prezident İlham Əliyevin Ümummilli Liderin bütün sahələrdəki fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirdiyini söyləyən Akademiya rəhbəri dövlət başçısının Qarabağda qazanılmış böyük zəfərlə Azərbaycanın müstəqillik tarixinə öz adını qızıl hərflərlə yazdığını bildirib. O, hazırda ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin inkişafı, vətənpərvər ruhlu yeni nəsillərin yetişdirilməsi istiqamətinə əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb.   

Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən olan professor Şahlar Əsgərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində Azərbaycan müstəqilliyinin əsaslarını qurduğunu, Heydər Əliyevin şəxsiyyəti, siyasi fəaliyyəti və tarixi siyasət məktəbinin Azərbaycanın ictimai-milli şüurunda əvəzsiz rol oynadığını qeyd ediblər. Çıxış edənlər Ulu Öndərin qətiyyət və prinsipiallığı, hərtərəfli hazırlığı, dərin biliyi, geniş siyasi və mədəni dünya görüşü olan rəhbər kimi dünyanın bütün mürəkkəb proseslərindən baş çıxardaraq və dahiyanə qərarları ilə xalq arasında böyük hörmət qazandığını, dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində azərbaycançılıq ideologiyasını irəli sürdüyünü vurğulayıblar. 

Daha sonra AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov, AMEA Rəyasət Heyəti aparatı Maliyyə və mühasibat şöbəsinin müdiri İlqar Quliyev, AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi Arzu Məmmədxanlı, Sənədlərlə iş və protokol şöbəsinin müdiri Əsmər Əliyeva, Elm və təhsil şöbəsinin müdir müavini Vüsal Zülfüqarov və həmin şöbənin baş mütəxəssisi Aynur Günəşli “Heydər Əliyev İli” ilə əlaqədar partiyada ictimai-siyasi fəaliyyətlərinə görə AMEA-nın Fəxri fərmanları ilə təltif olunublar. 

Həmçinin Akademiyanın bir qrup əməkdaşına YAP-ın vəsiqələri təqdim edilib. 













Elm