Bizim iki məqsədimiz var: birincisi, keyfiyyəti qaldırmaq, ikincisi, həmin keyfiyyəti bərabər paylamaq. Biz savadsızlığa qarşı total reaksiya vermirik. Rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər. Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır.
Bu fikri elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşündə söyləyib.
Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da, var”.
Nazir hesab edir ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: “Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcəklər”.
O bildirib ki, bu problemi nazirlik tək həll edə bilməz. Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə, təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”