Müəllim, alim, jurnalist

post-img

Otuz illik dostum, filologiya elmləri doktoru Baba Babayevin əziz xatirəsinə 

Onunla iyunun 5-də metroda görüşmüşdük. “Çox sınıxmısan, özünə fikir ver – dedi və əlavə etdi ki, bizim daha əvvəlki templə işləməyimiz fiziki cəhətdən zəif olan adamın idmançı kimi uzağa tullanmaq arzusuna bənzəyər:  “Əvvəlki iş rejimimiz mümkün deyil”. 

... Baba müəllimin oğlu Xəzri Babayevin zəngi məni çox sarsıtdı: “İttifaq əmi, atam dünyasını dəyişib. İyunun 6-da  AMEA-nın Əsas binasının önündəki parkda Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Xalq yazıçısı Anar ilə görüş keçirilirdi. Atam orada iştirak etdi və ertəsi günü ... dünyasını dəyişdi”. 

Arzu əlavə etdi ki, atası yeni çıxacaq kitabını paylamaq üçün ona siyahı hazırlatdırıb. Orada mənim də adım olub. Yəni, mənə də kitab göndərəcəkmiş. 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun elektron saytında   (Baba müəllimin sonuncu iş yeri ora idi) paylaşılan vida sözündə isə həmkarları yazırlar: “Bu gün səhər Baba müəllimin dünyasını dəyişməsi xəbəri onu tanıyanları möhkəm sarsıtdı. İş masasının üstündə mətbəədən yenicə çıxmış “Həsən bəy Zərdabinin həyat və yaradıcılığı” adlı kitabının “siqnal nüsxəsi” və monoqrafiyanın arasında əl yazısı ilə uzun bir siyahı da var idi. Müəllif yenicə nəşr edilmiş əsərini nəzərdə tutduğu ziyalılara hədiyyə etməyə vaxt tapa bilməmiş ... əcəl onu haqlamışdır”.

Baba Babayevi 90-cı illərdən tanıyırdım. O zaman hər ikimiz jurnalist kimi ölkə əhəmiyyətli ictimai-siyasi tədbirlərdə iştirak edirdik. Vətəndaş mövqeyi aydın olan adam idi. Akademiyanın Ədəbiyyat İnstitutunun dissertantı olmuş, doktorluq elmi işini müdafiə etmişdi. Sonradan öyrəndim ki, o, XIX-XX yüzillər Azərbaycan ədəbiyyatının fəal, cəfakeş araşdırıcılarından imiş. Tədqiqatlarında Mirzə Fətəli Axundzadə, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Nəriman Nərimanov, Tağı Şahbazi, Böyükağa Talıblı, Sultan Məcid Qənizadə və digər görkəmli yazıçı və dramaturqların həyat və yaradıcılığı, sənətkarlıq məsələləri geniş əksini tapmışdır.

Sonuncu iş yerinin yaydığı məlumatda isə bildirilir ki, Baba Babayev Həsən bəy Zərdabinin həyat və yaradıcılığı üzərində yorulmaq bilmədən çalışır, ciddi araşdırmalar aparırdı. 

Xatırladım ki, bir çox yazılarından Baba Maqsudoğlu kimi tanıdığımız Baba Babayev 1952-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuşdu. Gəncə Dövlət Pedoqoji İnstitutunu bitirdikdən sonra – 1973-cü ildən Məmmədqasımlı kənd orta məktəbində müəllim işləmiş,  1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdu. 1990-cı ildə “Abdulla Şaiqin bədii nəsri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmlər namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunda kabinet müdiri, dosent və prorektor vəzifələrində çalışmışdı. “Qabaqcıl maarif xadimi” adına layiq görülmüş bu müəllim çoxsaylı  monoqrafiyanın,  kitabın, 200-dən çox elmi-pedoqoji, siyasi məqalənin müəllifi idi. 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”
Şəkildə:  Baba Babayev (ortadakı ağ kostyumlu) 

 

 

Elm