Veteran cüdoçularımız Avropa çempionu olublar

post-img

Sloveniyanın Podçetrtek şəhərində 11 iyunda usta cüdoçular arasında Avropa çempionatının komanda yarışları keçirilib. Azərbaycan komandası kişilər arasında 30 yaşa qədər cüdoçular arasında birinci yeri tutub.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından verilən məlumtda qeyd edilir ki, cüdoçularımız ilk görüşdə və yarımfinalda Fransa təmsilçilərini məğlub edərək finala yüksəliblər. Finalda Azərbaycan yığması Belçikaya 3:1 hesabı ilə qalib gələrək çempionatın kubokunu və qızıl medallarını qazanıb.

Komandanın baş məşqçisi, veteranlar arasında 9 qat Avropa çempionu Fərhad Rəcəbli fikirlərini belə ifadə edib: “Əvvəl məqsəd sadəcə medal qazanmaq idi, lakin yarış başladıqda anladım ki, biz qızıl medal qazana bilərik və bunu bacardıq. Buna görə özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Biz ildə iki böyük çempionatda - Avropa və dünya çempionatında iştirak edirik. Bu mənim üçün böyük zövqdür, hər şey cüdodan həzz almaqdan ibarətdir. Azərbaycanda veteran komandamız var və birlikdə məşq edirik, buna görə də güclü ruh var. O ki qaldı oğluma, mənə bu səfəri onunla birlikdə keçirmək xoş olsa da, yarışlarda olduğumuz zaman onunla digər cüdoçular arasında fərq qoymuram, mənim üçün hamısı eynidir.”

Xatırladaq ki, idmançılarımız fərdi yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

"Xalq qəzeti"





İdman