Şamaxı Astrofizika Rəsədxanasında növbəti seminar

post-img

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin əməkdaşı Əmrah Həsənov “Qoşa ulduzların 60 sm-lik və 2 m-lik teleskoplarda müşahidə prosesi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 60-sm və 2 metrlik teleskopunda qoşa ulduz sistemlərinin müşahidə metodikası və alınmış müşahidə materialının işlənməsi prosesi şərh edilib. İlkin olaraq qoşa ulduzlar və onların xarakteristikası haqqında ətraflı məlumat təqdim olunub, daha sonra isə 60 sm-lik teleskopda fotometrik, 2 m-lik teleskopda isə spektral müşahidələrin aparılması prosesi mərhələli şəkildə izah edilib. Fotometrik müşahidə prosesi və müşahidə materiallarının işlənməsində MaxIm DL, qoşa ulduzların 2 m-lik teleskop vasitəsilə alınmış spektrlərinin işlənməsində isə DECH proqram qovluğundan istifadə qaydaları göstərilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Anar Əli,

“Xalq qəzeti”

Elm