Mir Cəlal ədəbiyyatımızın “Qızıl fond”una daxil olan bir dəyərdir

post-img

Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə Bakı Dövlət Universitetində böyük yazıçı və ziyalı Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş seminar keçirilib. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş seminarda çıxış edib. Milli Məclisin Mədəniyyət komitəsinin, Dünya Gənc Türk Yazarlar Birliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, “Okuklu Holdinq”, “UNİTY-Company”, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB və “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun dəstəyi ilə ölkəmizdə həyata keçirilən silsilə tədbirlərə qatılan ürk dünyasının tanınmış ziyalıları da iştirak edib.

Universitetin rektoru Elçin Babayev qonaqları salamlayaraq, Mir Cəlal yaradıcılığının məziyyətlərindən söz açıb.

  Qənirə Paşayeva Mir Cəlalın zəngin həyat və fəaliyyəti haqqında danışıb, görkəmli yazıçı, ictimai və elm xadimi, qayğıkeş ata, xeyirxah insan, milli dəyərləri təbliğ və tərənnüm edən aydın kimi xarakterik özəlliklərini vurğulayıb. O, Mir Cəlal irsinin özünün bir dəyər olduğunu deyib. Komitə sədri, Mir Cəlal ömrünü gənc aydınlar, yazıçılar, alimlər üçün örnək ömür adlandırıb.

Q.Paşayeva Mir Cəlalın müəllifi olduğu fundamental elmi və unudulmaz bədii əsərləri haqqında bilgi verib: “Bu il anadan olmasının 115 illiyini qeyd etdiyimiz Mir Cəlal Paşayev əsərləri ədəbiyyatımızın “Qızıl fond”una daxil olan yazıçı-alimdir. O, 26 aprel 1908-ci ildə Azərbaycanın Güneyində - Ərdəbilin Xal-xal kəndində doğulub. Hələ kiçik yaşlarındaykən atası Gəncəyə köçdüyündən, onun uşaqlığı Gəncədə keçib. 10 yaşında atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb. 

1928-ci ildə mətbuatda ilk şeirləri gün üzü görüb; lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb; dönəmin nüfuzlu nəşrlərində hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerk və novellalar kitabı gün üzü görüb. Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub.

Ədib 1940-cı ildə “Füzulinin poetikası” mövzusunda namizədlik dis­sertasiyası, 1947-ci ildə isə “Azərbay­canda ədəbi məktəblər” möv­zu­sunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX yüzil Azərbaycan ədəbiyyatı”, “Azər­baycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiy­yat­şünaslığın əsasları” adlı fundamental əsərləri ədə­biy­yatşünaslıq elminin qiymətli qaynaqlarındandır.

Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. Əminliklə deyə bilərik ki, yalnız “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi...

     O, “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (2-ci cild), “Azərbaycan ədəbiyyatı tarixi”nin (2-ci cild), “XX yüzil Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” kitablarının əsas müəlliflərindən, yaradıcı və təşkilatçılarından biridir. Onun XX yüzil Azərbaycan elminin, ədə­biyyatının, təhsilinin inkişafında danılmaz xidmətləri olub. Mir Cəlal Paşayev 28 avqust 1978-ci ildə 70 yaşında Bakı şəhərində, vəfat edib. Ruhu şad olsun”!

Görkəmli ictimai, ədəbiyyat və elm xadiminin yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT- Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı Şəmsəddin Kuzəçi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair-publisist Marina Karyagina, Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının sədri Tərlan Qasımov və b. çıxış edərək, Mir Cəlalın nəsillərə örnək ömründən danışıblar.

Sonda görkəmli ictimai, ədəbiyyat və elm xadiminin qızı Ədibə Paşayeva çıxış edərək, atası ilə bağlı unudulmaz xatirələrini danışıb,  övlad kimi ürək sözlərini bölüşüb, təşkilatçılara, çıxışçılara təşəkkür edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 







Elm