Yeni mənzil alan qazi: Bu Vətənin hansı guşəsində yaşamağın fərqi yoxdur

post-img

Bu gün bəlkə də həyatımın ən xoş və ən sevincli günlərindən biridir. Dörd nəfərdən ibarət ailə üzvümlə birlikdə kirayədə yaşayırdıq. Bacımın ailə üzvləri də bizimlə bir yerdə idi. İndi şükür ki, mənim özümün ayrıca üç otaqlı mənzilim var.

Vətən müharibəsi qazısi Xalid Həsənov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillərin təqdim olunması mərasimindən sonra AZƏRTAC-ın müxbiri ilə söhbətində belə deyib.

Ona Samux rayonunda yeni mənzil hədiyyə edilib. Xalid bununla əlaqədar öz fikrini belə ifadə edib: “Bu torpağın hər qarışı mənə əzizdir. Vətən müharibəsi günlərində əsgərlərimiz bu torpağın hər qarışı uğrunda qan töküblər, qurban gediblər. Ona görə də onun hansı guşəsində yaşamağın mənim üçün heç bir fərqi yoxdur. Bu gündən Samux rayonunu da özümə doğma hesab edəcəyəm.

Vətən müharibəsindəki xidmətlərinə görə “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülən X.Həsənov döyüş yolunu xatırlayaraq deyib: “Müharibənin ilk günlərindən hərbi əməliyyatlarda iştirak etmişəm. Noyabrın 4-də Laçın rayonunun Güləbird kəndində ağır yaralanmışam. Məni huşsuz vəziyyətdə əvvəlcə Füzulidəki hospitala gətiriblər, özümə gələndən sonra müalicəmi Qəbələ və Şəmkirdə davam etdirmişəm. Altı-yeddi ay müalicə alandan sonra mənə üçüncü dərəcəli əlillik təyin olunub.

“İndiyə qədər Vətən müharibəsi döyüşçüsü kimi hərtərəfli qayğı ilə əhatə olunmuşam. “YAŞAT” Fondu maddi yardım göstərib, Qazax Rayon İcra Hakimiyyəti də heç vaxt diqqətini əsirgəməyib, bayramlarda, əlamətdar günlərdə həmişə qapımı döyüb, yad ediblər. Özünüməşğulluq proqramına qoşulmuşam. Həyat yoldaşım Mahirə “DOST” xidmətində çalışır. Oğlum Rəsulun 10, qızım Güllünün 9 yaşı var. Bir neçə gün ərzində onları götürüb Samuxdakı yeni mənzilimizə köçəcəyik. Yəqin ki, qarşıdan gələn Ramazan bayramını yeni mənzildə keçirəcəyik”,- deyə Xalid fikrini yekunlaşdırıb.

Sosial həyat