Milli-mədəni dəyərlər və ekoloji mədəniyyət

post-img

COP29 iqlim dəyişikliyinə qarşı mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsini nəzərdə tutsa da, ümumilikdə, həm də qlobal səviyyədə mədəni tədbir kimi nəzərdən keçirilə bilər. Bu gün daha çox iqtisadi inkişaf səviyyəsinə görə diqqət çəkən ölkələrdə iqlim problemlərinə münasibət daha fərqlidir. Bu da insanların mədəni və intellektual  inkişafı ilə bağlıdır. 

Cəmiyyətlərdə keyfiyyətli həyat tərzinin, yüksək mədəni səviyyənin yaşanılmasına indi daha çox üstünlük verilir. İnsan amili ilə bağlı yaranan ekoloji problemin həllində dünya ölkələrinin birgə səyinin gücləndirilməsi daha çox təşviq edilir. Bu mənada  dünyada COP29  insanların dünyagörüşü, mədəni  və intellektual səviyyəsi ilə bağlı bir tədbir kimi dəyərləndirilir.   

29-cu iqlim konfransı çərçivəsində əsas müzakirələrdən biri də iqlim dəyişikliyinin səbəb olduğu çətinliklər və ziddiyyətlərdir. Məsələn, iqlim dəyişikliyi, temperaturun yüksəlməsi dünyada narahatlıq doğuran ciddi hadisələrə – daşqın, quraqlıq və qida təhlükəsizliyinə gətirib çıxarır. Bu səbəbdən də ölkələrarası münaqişə və ziddiyyətlər genişlənir. Belə ki, daha çox resurslar üzərində nəzarəti əldə etmək üçün siyasi rəqabət güclənir, ekoloji problemlər ölkələr arasında siyasi ziddiyyəti və münaqişələri şərtləndirir. Bu ziddiyyətlər mədəniyyətlərarası dialoqa da bir zərbə vurur. 

Bütün bunlar nəzərə alınaraq COP29-un əsas müzakirə məsələlərindən biri də ekoloji problemlərə daha çox diqqət və maliyyə ayrılması ilə dünyada daha çox sülhü, barışı və millətlərarası dialoqu təşviq etməkdir. Ona görə də indiki iqlim konfransının əsas devizlərindən, şüarlarından biri də “COP atəşkəsi və sülh”dür. Bu isə  dünyada mədəniyyət və mədəniyyətlərarası dialoq səviyyəsinin yüksəlməsinə, sivilzasiyalararası əlaqənin inkişafına təkan verir. 

Qeyd edim ki,  hazırda dünyadakı iqlim dəyişmələrinin yaratdığı ekoloji  problemlər dünyada mədəni müxtəlifliyə, mədəni obyektlərə və mədəni irsə zərbə vurur. Başqa sözlə, dünyada hər il minlərlə insan ekoloji səbəblərlə bağlı məcburi yerdəyişmələrə, köçə, miqrasiyaya məruz qalır. Bununla da onların böyük mənada mədəni dəyərlərinə, mədəni irsinə, mədəni sərvətlərinə ciddi ziyan dəyir. 

Dəniz və okean suyunun artması təhlükəsi bütün dövrlərdə aktualdır. Bu səbəbdən yaxın onilliklərdə dünya üzrə bir çox şəhərlərin su altında qalma təhükəsi gözlənilir. Sahil zonalarında yerləşən ərazilər hazırda bu təhlükə ilə üz-üzədir. Bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin problemi kimi daha çox diqqət çəkir, iqlim dəyişikliyi  onların  mədəni-dini, tarixi, coğrafi abidələrinə təhdid yaradır. 

COP29-un Azərbaycanın təşəbbüsü ilə əsas müzakirə məsələlərindən biri də kiçik ada dövlətlərinə maliyyə yardımının ayrılması və artırılmasıdır. Çünki böyük dövlətlər ekologiyaya daha çox ziyan vurduqları halda, bu, kiçik dövlərdə aşağı səviyyədədir.  Belə ki, böyük dövlətlərin sənaye və iqtisadiyyatı daha çox emissiyalar yaradır və  ziyan və fəsadlar isə daha çox kiçik dövlətlərə dəyir.   

Beləliklə, COP29 yalnız ekologiyanın çirklənməsi və ətraf aləmlə bağlı deyil. Bu, həm də insan sağlamlığı naminə mövcud problemlərin həllinə dəstək məqsədilə atılan addımdır. Məhz belə bir taleyüklü konfransın  Azərbaycanda keçirilməsi haqlı olaraq ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi kimi dəyərləndirilir. Eyni zamanda, bu sessiya həm “yaşıl” enerjiyə keçid üçün yeni imkanlar yaradır, həm də respublikamızın dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Bundan əlavə, COP29 iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün vacib istiqamətlər müəyyənləşdirir. Belə dünya əhəmiyyətli konfransa  evsahibliyi edən Azərbaycan növbəti dəfə adını tarixin silinməz yaddaşına yazdırır.   

Aynur TURAN

 

Ekologiya