Energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının baş icraçı direktoru Elnur Soltanov Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda 2050-ci ilə qədər sıfır xalis emissiyasını gerçəkləşdirmək üçün ölkəmizə 200 milyard dollar həcmində investisiya lazım olduğunu deyib.
Onun sözlərinə görə, iqlim konfransında xalis sıfır yanaşması ilə bağlı əsasında böyük investisiyalar dayanan daha qətiyyətli qərarlar verilməlidir – başqa yolumuz yoxdur, əks təqdirdə dünyanı məhv etmiş olarıq. 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün 40 gigavat/saatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycanda mövcud qoyuluş gücünün 5 qatıdır. 2050-ci ildə ölkənin elektrik enerjisi istehlakının 89 teravat/saata çatması gözlənilir. Hazırda bu göstərici 33 teravatdır, yəni üç dəfə artacaq.
E.Soltanov əlavə edib ki, investisiya baxımından əsas pay 24 faizlə elektrik enerjisi istehsalı sektoruna aiddir. İkinci yerdə ev və binalar, üçüncü yerdə isə neft və qaz sektorları gəlir ki, onlar, təxminən, emissiyaların 26 faizinə cavabdehdir. Dördüncü sektor nəqliyyat, beşinci sənaye, altıncı tullantı, yeddinci sektorisə kənd təsərrüfatıdır.