Energetika Nazirliyinin məlumatına görə, Çində səfərdə olan nazir Pərviz Şahbazovun bir sıra şirkət rəhbərləri ilə keçirdiyi görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu və dövlət başçılarının münasibətlərin hərtərəfli inkişafını təşviq edən siyasi müstəvidə “yaşıl” enerji əməkdaşlığının inkişafı diqqət mərkəzində olub.
“China Energy International Group Co.,Ltd.” şirkətinin vitse-prezidenti və “China Energy Overseas Investment Co.,Ltd.” şirkətinin sədri Lin Xiadon ilə görüşdə Azərbaycanın enerji sisteminə əlavə həcmlərdə bərpaolunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, alternativ enerji avadanlıqlarının yerli istehsalının təşkili və “yaşıl” enerji dəhlizləri üzrə tərəfdaşlıq məsələləri müzakirə edilib. Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq günəş elektrik stansiyalarının tikintisinin icra vəziyyəti və şəbəkəyə qoşulma imkanları dəyərləndirilib, İcra Müqaviləsinin tezliklə imzalanmasının zəruriliyi qeyd edilib.
Söhbət zamanı “China Energy” şirkəti ilə günəş və külək enerjisi layihələrinin icrası istiqamətində müzakirələr aparmaq, prioritet istiqamətlərdə əməkdaşlığa başlamaq üçün İşçi Qrupunun yaradılması razılaşdırılıb, bütün bu məsələləri əhatə edən müvafiq Anlaşma Memorandumunun imzalanması niyyəti ifadə olunub.
“China Energy”nin vitse-prezidenti Azərbaycanda külək və günəş enerjisi layihələrinə investisiyaların genişləndirilməsi niyyətində olduğunu bildirib. Şirkət tərəfindən Azərbaycanda külək turbinləri və onların bəzi komponentlərinin istehsalı, həmçinin tədqiqat mərkəzi ilə bağlı əməkdaşlığa dəstək ifadə edilib. Söhbət zamanı COP29-da Enerji Günü çərçivəsində əməkdaşlığa dair məsələlərə də toxunulub.
“China Datang Corporation Limited” şirkətinin idarə heyətinin sədri Zou Lei ilə görüşdə isə Azərbaycanın “Bir kəmər, Bir yol” təşəbbüsünün fəal iştirakçısı olaraq enerji və nəqliyyat sahələrində mühüm layihələrdə iştirakından, ikitərəfli əlaqələrin inkişafında enerji əməkdaşlığının vacib rolundan və ölkəmizin etibarlı enerji təchizatçısı missiyasının “yaşıl” enerji ilə genişləndirilməsində Çin şirkətləri ilə tərəfdaşlığın əhəmiyyətindən bəhs edilib.
Bildirilib ki, Azərbaycan Avropaya “yaşıl” enerjinin ixracı üçün Xəzər dənizindən keçən “yaşıl” enerji dəhlizləri təşəbbüsləri ilə çıxış edir və bu istiqamətdə Avropa ölkələri, Türkiyə, Qazaxıstan və Özbəkistanla sıx əməkdaşlıq edir. Çin isə bu layihələrdə investor, texnologiya təminatçısı kimi fəal rol oynaya bilər.
Söhbət zamanı qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlığa dair Bəyannamə hər iki tərəfin qlobal iqlim dəyişikliyi problemlərinin həllində enerji əməkdaşlığını gücləndirməsini təşviq edir. “China Datang” şirkətinin yalnız ölkədə deyil, Çin xaricində də karbon izinin idarə edilməsində təcrübəsinin olduğunu deyən qurum rəsmisi enerji transformasiyasına töhfə verməyə hazır olduqlarını bildirib.
Energetika nazirinin “Huawei” şirkətinin ictimai əlaqələr üzrə prezidenti Kai Song ilə görüşündə isə Azərbaycan və “Huawei” arasında enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu əməkdaşlıq çərçivəsində “Huawei” şirkətinin texnoloji potensialı və rəqəmsal enerji sahəsindəki təcrübəsinin Azərbaycanın “yaşıl” enerji layihələri ilə vəhdətinin enerji keçidi və enerji təhlükəsizliyinə mümkün töhfələrindən danışılıb.