İstiləşmə su qıtlığını sürətlə artırır

post-img

Bu böhran ölkəmizdə də ciddi çətinliklər yaradır

İqlim dəyişikliyi bir sıra mənfi nəticələrə səbəb olur. İlk növbədə, şirin su ehtiyatı getdikcə azalır, sy nohurları və axmazlar quruyur. Ekoloji quraqlıqların artması məhsuldarlığa və ekosistemə mənfi təsir göstərir. Səhralaşma getdikcə daha geniş əraziləri əhatə edir. Bu barədə ETN Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov deyir:

– Bu il ölkəmizdə ən isti hava iyul ayının 20-də müşahidə olunub. Həmin gün havanın maksimal temperaturu Hacıqabulda +43,4 dərəcəyə yüksəlib. Bakı və Abşeron yarımadasında ən isti hava avqustda qeydə alınıb, maksimal temperatur həmin ayın 5-də +39 dərəcə olub. Ölkə ərazisində son 10 ilin ən isti yayı 2018-ci ildə qeydə alınıb. O zaman havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında +44,5 dərəcə, bölgələrdən isə Culfada +45 dərəcə müşahidə edilib.

Respublika ərazisinin 2 faizə yaxın hissəsini əhatə edən su hövzələri, əsasən də hidromorf ekosistemlər iqlim dəyişikliyinə kifayət qədər həssasdır. Belə ekosistemlərə su–bataqlıq, çəmən–bataqlıq, çala–çəmən və axarsız göl kompleksləri aiddir. İqlim dəyişikliyi ilə əlaqədar acınacaqlı vəziyyət daha çox Hacıqabul və Acınohur göllərində nəzərə çarpır.

Arid regionlarda suvarma suyuna tələbatın artması bu göl ekosistemlərinin quruması ilə nəticələnib. Hacıqabul gölünün əsas təbii qidalanma mənbəyi vaxtilə Şirvan düzündə mövcud olmuş Qarasu su–bataqlıq ekosistemi olub. Bu bataqlıq vaxtilə qərbdən şərqə doğru 100 kilometrdən çox bir məsafədə uzanıb. Köçəri su quşlarının qışlaq yeri olan ərazi bataqlıq və su bitkiləri ilə birlikdə zəngin və məhsuldar ekosistem əmələ gətirib və regionda biomüxtəlifliyin əsas mənbəyi olub. Hətta elmi ədəbiyyatda burada çox qiymətli şanagüllə cəngəlliyinin də olduğu qeyd edilib.

Təmas depressiyasında yerləşən Qarasu su–bataqlıq ekosistemini qidalandıran isə Ağsu, Girdiman və Göyçay çayları olub. Qarasu bataqlığının izafi suları isə Hacıqabul gölünü qidalandırıb. Qarasu su bataqlıq ekosisteminin qurudulmasından sonra Hacıqabul gölündə problemlər yaranıb. Gölü qurumaqdan qurtarmaq üçün kanal sularından istifadə edilib. Lakin son zamanlar iqlim dəyişikliyi və şirin suya tələbatın kəskin artması ilə gölə suyun axıdılması dayandırılıb. Nəticədə vaxtilə zəngin balıq ehtiyatları ilə seçilən və ətraf əraziyə iqlim yumşaldıcı təsir göstərən göl su ekosistemi quruyaraq məhv olub.

– Xəzər dənizi səviyyəsinin aşağı düşməsi bu narahatlığı daha da artırıb…

– Son illər Xəzərin səviyyəsinin 2 metrdən çox aşağı düşməsi hidromorf ekosistemlərin geniş yayıldığı sahil boyu ərazilərdə bir sıra problemlər yaradıb. Xüsusilə Kür deltasından Lənkəran rayonunun Nərimanabad qəsəbəsinə kimi, həmçinin Xaçmaz rayonunun Muxtadir yaşayış məntəqəsindən cənuba doğru geniş bir ərazidə hidromorf su bataqlıq ekosistemlər kontinental rejimə keçib və qamışlıq mühitə uyğunlaşıb, canlıların kəskin azalmasına səbəb olub.

Bəli, iqlim dəyişikliyinin təbii ekosistemlərə təsiri qaçılmaz həqiqətdir. Bu proseslər coğrafi təbəqənin mövcudluğu dövründə dəfələrlə müşahidə edilib və təbii ekosistemlərin strukturunda özünəməxsus izlər qoyub. Ümumiyyətlə, təbiətdə düzxətli inkişaf yoxdur. İnkişafın, dəyişmənin enişi varsa, yoxuşu da mövcuddur. Gözlənilən odur ki, gələcəkdə iqlim dəyişməsində yeni tendensiyalar olacaq və ekosistemlər də buna uyğun inkişafını davam etdirəcək. Yeri gəlmişkən, qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsi əsrlər boyu davam edəcək.

– Abşeron iqtisadi rayonunun təbii içməli su mənbəyi yoxdur. Bunun nəticəsidir ki, əhalinin sıx məskunlaşdığı Bakıda içməli su ilə təminat məsələsi həmişə problem olub.

– Bakı və ətraf qəsəbələr içməli su ilə bağlı problemlər yaşayır. Bu, alternativ mənbələr axtarışını gündəmə gətirir. Belə mənbələrdən biri yağış və tullantı suları ola bilər. Hazırda yağış sularının toplanılması çox məhduddur. Buna səbəb kanalizasiya suları ilə yağış sularının eyni xətdə birləşməsidir. Nəticədə yağış sularından səmərəli istifadə edilmir, kanalizasiya sularına qarışaraq axıb gedir.

Ona görə də paytaxtın müxtəlif yerlərində içməli sudan həm də texniki su kimi yaşıllıqların suvarılmasında, maşınların yuyulmasında və digər məqsədlərlə istifadə edilir. Halbuki yaşıllıqlarn suvarılması üçün ən yaxşı yol yağış sularından istifadə etməkdir. Məsələn, yolların kənarında quraşdırılmış suötürücü qurğular vasitəsilə yağan yağışları toplayaraq onları su anbarlarında saxlamaq olar. Magistral asfalt yolların kənarları ilə yağış sularını yığan drenlər çəkilməli, işlək vəziyyətdə saxlanılmalıdır. Eyni zamanda, yağış suları üçün ayrıca xətt çəkiilməlidir. Hər bir binanın damına toplanan və su boruları ilə axan yağış sularını bu xətlərlə anbarlara yığıb saxlamaqla, həmin suyun hesabına yay aylarında yaşıllıqları suvarmaq olar. Həm də bəzi mənbələrdə su azalan zaman, yaxud qəza baş verəndə bu yığılan ehtiyatdan istifadə edilə bilər.

Artıq işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa–quruculuq layihələrində də bu mövzu nəzərə alınıb. Belə ki, həm tullantı, həm də yağış sularının təkrar istifadəsi müvafiq layihələrdə öz əksini tapıb. Bununla da içməli suya 30–40 faiz qənaət etmiş olarıq.

Sənaye müəssisələrində dövriyyəli qapalı su sisteminə keçməklə də içməli suya qənaət edilə bilər. Bakıdakı zavodlar və fabriklərin çoxu işlənən qurğuları soyutmaq üçün içməli sudan istifadə edir. Daha sonra həmin su kənara axıdılır. Buna görə də o sudan təkrar istifadə etmək mümkün olmur. Ancaq bütün sənaye müəssisələrində dövriyyəli qapalı su sistemi tətbiq olunsa, o zaman işlədilmiş su soyudulduqdan sonra ondan təkrar istifadə etmək gerçəkləşər.

Müsahibəni apardı:
Pünhan ƏFƏNDİYEV
XQ

Ekologiya