3 ildə ölkəmizdə 2,5 milyon ton karbon tullantısı azalacaq

post-img

Bu, 5,3 milyard kilovat-saat təmiz enerji istehsalı ilə mümkün olacaq

Energetika Nazirliyindən aldığımız məlumata əsasən, növbəti 3 il ərzində istismara veriləcək stansiyalardan 5,3 milyard kilovat-saat elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr qazın sərbəstləşməsi və 2,5 milyon tona qədər emissiyaların azalması gözlənilir. Bu müddətdə, təxminən, 2,8 milyard dollar həcmində xarici və yerli investisiya hesabına 2 qiqavat civarında sənaye miqyaslı 8 günəş–külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması da ölkəmizin “yaşıl” enerji istehsalında davamlı uğular əldə edəcəyini deməyə əsas verir.

Məlumatda bildirilir ki, 2024-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə, təxminən, 1 milyard dollar məbləğində investisiya dəyərinə və 1000 meqavat ümumi gücə malik üç stansiyanın – Neftçalanın Bankə qəsəbəsində 315 meqavatlıq, Biləsuvarda 445 meqavatlıq günəş və Abşeron–Qaradağ rayonları ərazisində 240 meqavatlıq külək elektrik stansiyalarının təməli qoyulub. Eyni zamanda, “ACWA Power” şirkəti ilə 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi və 200 meqavatlıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalanıb. Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində isə Böyükşor gölü üzərində ümumi gücü 100 kilovat və illik 160 min kilovat-saat olan elektrik enerjisi istehsalı imkanına malik ilk üzən günəş elektrik stansiyası istifadəyə verilib.

Respublikada bərpaolunan enerji mənbələrinin ilk hərrac prosesinə də start verilib. Belə ki, 100 meqavatlıq “Qobustan” və 240 meqavatlıq “Şəfəq” günəş elektrik stansiyaları layihəsi üzrə hərracın nəticəsinin iqlim konfransı çərçivəsində elan ediləcəyi nəzərdə tutulub.

Yeri gəlmişkən, Dövlət Neft Şirkətinin vitse-prezidenti Əfqan İsayev “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda “Şəfəq” stansiyasının 2025-ci ilin sonunadək tikiləcəyini bildirib. Onun sözlərinə görə, infrastrukturun layihəsinin Dövlət, Azərbaycan İnvestisiya şirkətləri və BP ilə birlikdə gerçəkləşdiriləcəyi planlaşdırılıb.

Vitse-prezident onu da qeyd edib ki, “Şəfəq” stansiyası Səngəçal terminalının enerji təminatını reallaşdırıcaq və nəticədə ildə 260–330 min ton həcmində karbon dioksid ekvivalentində emissiyanın azaldılmasına imkan yaranacaq. Xatırladaq ki, ötün ilin sentyabrında Dövlət Neft, Azərbaycan İnvestisiya şirkətləri və BP arasında Qoşulma Sazişi imzalanıb.

Gələn il istismara veriləcək 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası ilə bağlı da davamlı işlər görülür. Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərində quraşdırılacaq 40 ədəd külək turbininin komponentləri artıq əraziyə gətirilib. 6,5 meqavatlıq ilk turbin COP29 konfransına qədər istismara hazır olacaq.

Cəbrayılda 100 meqavatlıq, Füzulidə isə 160 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi layihələri üzrə tədbirlər davam etdirilir. Bütün bu işlər Azərbaycanın 2030-cu ilə kimi 30 faizlik hədəfi yerinə yetirə biləcəyi qənaətinə əminlik yaradır.

Naxçıvan Muxtar Respublikasında da 2030-cu ilədək 1200 meqavat gücündə günəş elektrik stansiyalarının reallaşdırılması üzrə “Baltech”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “TotalEnergies” şirkətləri ilə əməkdaşlıq edilir. Əlverişli günəş radiasiyasına və 5 min meqavat həcmində bərpaolunan enerji potensialına malik qədim diyarda “yaşıl” enerji zonası uğurla inkişaf etdirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi gücü 636 kilovat olan “Arximed” qurğusu, 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2 min kilovatdan çox olan günəş enerjisi sistemləri, günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayanacaqlar, elektrikdoldurma məntəqələri quraşdırılıb. Bütün bu gerçəkləşdirilən layihələr azad edilmiş ərazilərin xalis sıfır emissiyalı “yaşıl” enerji zonasına çevrilməsinə, bölgədə 2050-ci ilə karbon emissiyalarının 40 faiz azaldılması hədəfinə nail olunmasına hesablanıb.

Xatırladaq ki, bu gün hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin təmiz enerji təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 faiz “yaşıl” enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında indiyə kimi 270 meqavat gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kilovat–saatdan çox “yaşıl” enerjinin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazı həcminin isə 330 min tondan çox azalması deməkdir.

Prezident İlham Əliyevin 2024-cü il 10 oktyabr tarixli sərəncamı ilə təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024−2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planında Qarabağ və Şərqi Zəngəzurda daha 28 su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Onlardan ümumi gücü 37,5 meqavat olan 6 kiçik su elektrik stansiyasının hazırda tikintisi aparılır.

Bundan başqa, Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi ilə bağlı Türkiyənin “Demirören Yatırım Holding A.Ş.”, “Arges Enerji Team” və Azərbaycan İnvestisiya şirkətləri arasında ötən ilin dekabrında imzalanan müqaviləyə əsasən, Laçında kiçik su elektrik stansiyalarından birinin təməli qoyulub, digər stansiyalarla bağlı isə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

 

Ekologiya