Təmiz texnologiyalara “yaşıl” işıq!

post-img

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Pre-COP29 çərçivəsində “BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” mövzusunda yan tədbirdə bildirib ki, təmiz enerjiyə keçidlə bağlı dünyanın tərəqqisi sürətləndirilməlidir. Xüsusən də hökumətlər yerli ambisiyaları milli iqlim siyasətlərinə inteqrasiya etməli, az inkişaf etmiş ölkələrin bərpaolunan mənbələri 3 dəfə artırılmalıdır: “Sevindirici haldır ki, artıq bu istiqamətdə müəyyən layihələrin icrasına başlanılıb. Məhz bunun nəticəsidir ki, cari ilin birinci yarısında elektrik enerjisi istehsalının 50 faizi bərpaolunan enerji mənbələrindən əldə edilib”.

P.Mixalkonun sözlərinə görə, müəyyən edilmiş təmiz enerji texnologiyaları üçün də əlverişli şərait yaratmaq lazımdır. Bu, bərpaolunan enerji layihələri üçün təchizat prosedurlarının sürətləndirilməsi və bərpaolunan enerji mənbələrinin daha çox mənimsənilməsinin diqqət mərkəzində saxlanılması deməkdir. Bunun üçün şəbəkəyə və saxlama qabiliyyətinə görə əhəmiyyətli investisiya tələb olunur.

Təmiz enerji keçidini reallaşdırmaq məqsədilə hazırda dövlət maliyyəsinin mühüm rol oynayacağı regionlara investisiya qoyuluşuna ciddi ehtiyac var. Biz bu məsələnin həlli üçün özəl kapitalı səfərbər etməliyik. Keçən il Avropa İttifaqı inkişaf etməkdə olan ölkələri iqlim dəyişikliyi ilə mübarizədə dəstəkləmək üçün 28 milyard dövlət maliyyəsini səfərbər edib və xüsusi olaraq təmiz enerji layihələri üçün 2,3 milyard avro ayırıb.

Səfir çıxışının sonunda deyib: “Bərpaolunan enerji potensialının 3dəfə və enerji səmərəliliyinin 2 qat artırılması təkcə arzu deyil, həm də nail olduğumuz mərhələlərdir. Biz ilkin qlobal məqsədlərə çatmaq üçün birlikdə işləməyə hazırıq”.

Ekologiya