Nəbatat Bağı – cənnətmisal məkan

post-img

Açıq səma altında təbii laboratoriya

Coğrafi mövqe, relyef müxtəlifliyi, torpaq iqlim amillərinin rəngarəngliyi ölkəmizin flora və faunası üçün mühüm şərait yaradıb. Həmçinin Kiçik və Böyük Qafqaz, eləcə də Talış dağ silsilələri və onların Kür–Araz ovalıqlarından keçərək Xəzər dənizi ilə təmasda yaratdığı ekosistem təbiətin zənginliyini daha da artırıb.

Müasir dünyanın ekoloji durumu getdikcə ağırlaşır, bu səbəbdən də bəşəriyyət çox çətin sınaqlarla, sıxıntılarla üzləşir. Baş verən iqlim dəyişikliyi təbiətə ciddi zərər vurmaqla yanaşı, insanlardan da yan ötmür.Yer kürəsində yaşıl kütlənin həcmi get-gedə azalır, istiləşmə dərəcəsi isə yüksəlir.

Bitki növlərinin və ümumilikdə, yaşıl kütlənin yox olması və ya azalması, eyni zamanda, onun təkamülü təbii prosesdir. Azalma təkamülü təbii üstələdikdə ekosistemdə tarazlıq pozulur. Təssüf ki, bu proses indiyədək artan istiqamətdə davam edir.

Məlum olduğu kimi, biomüxtəliflik Yer kürəsində canlı orqanizmlərin məcmusunu özündə əks etdirən bioloji anlayışdır. Biokütlənin get–gedə azalması isə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların daim diqqət mərkəzindədir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının tərtib etdiyi nəsli kəsilməkdə olan bitki növlərinin “qırmızı siyahı”sı ilbəil yenilənir. Son araşdırmalardan məlum olub ki, 150 mindən çox növün, təxminən, 28 faizi təhlükə altındadır. İqlim dəyişikliyinin artan təsiri ilə qarşılaşan növlər daha çox çətinliklə üzləşir və onların sıradan çıxma ehtimalı yüksək olur. Belə növlərin cəmləşdiyi ərazilərdə isə xüsusi qorunmalar, məsələn, qoruqlar, yasaqlıqlar, milli parklar, nəbatat bağları və s. yaradılır.

Ölkəmizdə də biomüxtəlifliyin qorunması və davamlı inkişafı ekoloji siyasətin əsas xətti olaraq daim diqqətdə saxlanılır. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı inkişafına dair Milli strategiya və fəaliyyət planının təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 24 mart 2006-cı il tarixli Sərəncamında nadir bitkilərin repatriasiyası, insan amillərinin ətraf mühitə təsirinin azaldılması, xüsusi mühafizə olunan ərazilərin sayının artırılması, elmi-tədqiqat işlərinin aparılması qarşıya mühüm vəzifə kimi qoyulur.

***

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının tərtib etdiyi nəsli kəsilməkdə olan bitki növlərinin qorunması və yaşadılmasında önəmli rol oynayan yuxarıda bildirdiyimiz kimi, xüsusi qorunan ərazilərdən biri də nəbatat bağlarıdır. Bu bağçılığın tarixi çox qədimdir. Belə ki, sözügedən sahənin inkişafına insanların hələ ibtidai icma quruluşu dövründə yaşayış yerlərinin yaxınlığında bəzi qida əhəmiyyətli bitkilərin əkilib–becərilməsindən başlanıb və daimi məskunlaşma ilə sıx bağlı olub.

Müasir nəbatat bağları elmi-tədqiqat, tədris və maarifləndirmə məqsədi ilə dünyanın müxtəlif botaniki-coğrafi ərazilərindən gətirilən toxum və canlı bitki nümunələrinin yeni torpaq-iqlim şəraitində yetişdirilməsi (introduksiya, aklimatizasiya) işləri görülən, xüsusi mühafizə olunan canlı təbiət abidəsidir. Eyni zamanda, nəbatat bağları təbiətdə təhlükəyə məruz qalan növlərin qorunub saxlanılması və çoxaldılaraq yenidən təbiətə qaytarılması (reintroduksiya) üçün ən etibarlı yerdir. Burada, həmçinin xarici floradan gətirilən yeni növlərin yerli torpaq iqlim şəraitinə tədricən uyğunlaşmaları üzərində elmi-tədqiqat işləri aparılır.

Azərbaycannın Mərkəzi Nəbatat Bağında Qafqaz florasının nadir və nəsli kəsilməkdə olan 144 növ bitki kolleksiyaları, həmçinin Şərqi və Orta Asiya, Şimali və Cənubi Amerika, Aralıq dənizi hövzəsi və digər regionlardan olan 2 minə yaxın bitki növ və çeşidləri yerləşdirilib. Burada giləmeyvəli qaraçöhrə, dəmirağacı, adi şabalıd, Qafqaz xurması, Hirkan şümşadı kimi relikt, eləcə də Eldar şamı, Eldar armudu, Kuznetsov söyüdü, itikənarlı süsən, Nizami itburnu kimi endemik növlər qorunub saxlanılır. Kolleksiyalarda elə növlər vardır ki, onlara, məsələn, Çin püstəsi, bataqlıq sərvi, atlas sidri, nəhəng sekvoyya, yaşılçiçək pittosporum, Arizon sərvi və s. Azərbaycanın digər ərazilərində təsadüf olunmur.

Mərkəzi Nəbatat Bağı vasitəsilə ekoloji maarifləndirmə insanların təbiətə qarşı formalaşmasında və sivilizasiyasında başlıca amildir. Ekoloji marifləndirmənin əsas prinsipləri canlı təbiəti sevmək və qorumaq hissinin aşılanması, ətraf aləmə intizamlı yanaşma, ekomaterialların sistemli və fasiləsiz öyrənilməsi, qlobal və milli əlaqələrin davamlı inkişafı, ekotərbiyənin, eləcə də təhsilin səmərəliliyinin artırılmasıdır. Mərkəzi Nəbatat Bağına davamlı gəzintilərin təşkili ilə buna nail olunur.

Bağın elmi əməkdaşları ziyarətçilərə ətraf mühiti öyrənmək, bitkilərin təbii həyat formalarını müəyyənləşdirmək, onların bioekoloji xüsusiyyətlərini təhlil etmək, bitkilər üzərində fenoloji müşahidələri araşdırmaq, ətraf mühitin çirklənməsinin səbəblərini aydınlaşdırmaq və aradan qaldırmaq prinsipləri barədə məlumat verir, onları bitkilərin budanılması, forma verilməsi, diblərinin yumşaldılması kimi praktik işlərə cəlb edirlər.

Mərkəzi Nəbatat Bağında minlərlə ağac, kol, ot bitkisi becərilir. Burada, ümumilikdə, 50 mindən çox ağac və kol, minlərlə qida və dərman əhəmiyyətli ot bitkiləri becərilir. Bu bitkilərin ekoloji təmiz meyvə, giləmeyvələri insanlar və quşlar tərəfindən yeyilir, eyni zamanda, bitkilərin müxtəlif orqanlarından (yarpaq, çiçək toxumu, kök və s.) müalicəvi dərman kimi geniş istifadə olunur. Bizim sələflərimiz olan dəyərli alimlərin Mərkəzi Nəbatat Bağını Bakının “oksigen balonu” adlandırmalarında böyük həqiqət var. Belə ki, bir ədəd orta böyüklükdə yarpaqlı ağacın il ərzində 2 nəfəri oksigenlə təmin etdiyi nəzərə alınsa, buradakı yaşıllıqların əhəmiyyəti haqqında aydın təsəvvür yaranar.

Mərkəzi Nəbətat Bağının özəlliklərindən biri də tam formalaşmış və davamlı inkişafda olan ekosistemdir. Burada quşların, vəhşi heyvanların (dovşan, tülkü, çaqqal, sincab), müxtəlif növ sürünənlərin, suda-quruda yaşayanların, ibtidai su bitkilərinin, göbələklərin, ali çiçəkli bitkilərin birgə təbii yaşayışı hər bir canlı üçün əlverişlidir.

Hazırda bağın elmi əməkdaşları tərəfindən ərazidə bitki növmüxtəlifliyinin zənginləşdirilməsi, onlara qulluq, bitkilərin qorunub saxlanılması ilə bağlı tamamilə yeni yanaşma tətbiq olunur. Belə ki, son bir il ərzində Mərkəzi Nəbatat Bağının ərazisində yüzdən artıq yeni bitki növləri əkilib, ərazidə əvvəllər mövcud olan və məhvolma təhlükəsi ilə üzləşən növlər müəyyənləşdirilib və onların bərpa olunması tədbirləri hazırlanıb. Bununla yanaşı, sayı azalmaqda olan bitki növlərinin artırılması, eyni zamanda, yeni növ və sortların gətirilməsi işləri də davam etdirilib. Bütün bunlar isə COP29-un missiyasından irəli gələn tələblərin icrasına bağın bir töhfəsi kimi qiymətləndirilə bilər.


Həsən BABAYEV,
biologiya elmləri doktoru, dosent

Asif MEHRƏLİYEV,
biologiya üzrə fəlsəfə doktoru, dosent



Ekologiya