Bakıda COP29 könüllüləri üçün “Eco Enacthon” adlı interaktiv layihə həyata keçirilib. Layihə COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. Könüllülər iki gün ərzində aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması ətrafında birləşiblər.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatına görə, 29–30 avqust tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən təlimin ilk günündə könüllülər ixtisaslaşmış ekspertlərin iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarə edilməsi və çeşidlənməsi kimi müxtəlif ekoloji mövzularda, eyni zamanda, dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brendlərinin yaradılması və idarə olunması kimi praktiki mövzularda apardıqları təlimlərdə iştirak ediblər.
Əldə edilən nəzəri və praktiki biliklər proqramın ikinci günündə təşkil olunan ekoloji layihə müsabiqəsində öz tətbiqini tapıb. Belə ki, “Eco Enacthon” yarışının qaydalarına əsasən, bir neçə komandaya bölünən könülüllər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini təkmilləşdirərək münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda ruhunu möhkəmləndirən və birgə səylərin vacibliyini bir daha nümayiş etdirən “Eco Enacthon” çərçivəsində könüllülər dayanıqlı enerji həllərindən innovativ tullantıların idarə olunması təşəbbüslərinə qədər müxtəlif sahələri əhatə edə biliblər. Nəticədə, ən kreativ yanaşma ilə işlənilən və daha çox aktuallıq kəsb edən layihələr münsiflər heyəti tərəfindən qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub.
Xatırladaq ki, iqlim dəyişikliklərinin təsirlərinin qarşısının alınmasında gənclərdə innovativ düşüncənin təşviqi və mövcud problemlərə fərqli yanaşmanın stimullaşdırılmasına, aktiv və təşəbbüskar gənclərin potensialının dəstəklənməsinə xidmət göstərən bu layihə könüllülərə öz ideyalarının daha sərbəst ifadə edilməsi və tətbiqi, bunun üçün müvafiq sahələrdən olan ekspertlərdən dəyərli mentor məsləhətlərinin alınması üçün platforma rolunu oynayıb.