Dünən Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilib.
“29 iqlim söhbəti: COP29-a gedən yol” proqramı çərçivəsində reallaşdırılan tədbirdə nazir müavini Samir Məmmədov Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal rolunu vurğulayaraq rəqəmsallaşma və innovasiyanın gücü ilə ətraf mühitin mühafizəsi, eləcə də dayanıqlı inkişafın gerçəkləşdirilməsi prinsiplərinin gələcəyə baxışın əsasını təşkil etdiyini bildirib. S.Məmmədov COP29 sammitinin ölkəmizin rəqəmsal transformasiya və innovativ həllərlə dayanıqlılıq, “yaşıl” iqtisadiyyat, o cümlədən təbiətin qorunması üzrə təşəbbüslərin nümayişi baxımından mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Tədbirdə dünyanın hər yerindən uğurlu modellər və strategiyalar nümayiş etdirilərək rəqəmsal transformasiya və ekoloji davamlılığın kəsişməsi araşdırılıb. Birgə müzakirələr və bilik mübadiləsi vasitəsilə iştirakçılar tərəfindən həm ekoloji, həm də sosial rifahı dəstəkləyən effektiv rəqəmsal strategiyaların həyata keçirilməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülüb.