“Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarların “yaşıl” layihələri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.
“Yaşıl” layihələri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün KOBİA-ya müraciət edirlər. İndiyədək KOBİA kiçik və orta biznesin “yaşıl” layihələrinin inkişaf etdirilməsinə və “yaşıl” iqtisadiyyata keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayırıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verib. Agentlik kiçik və orta biznes subyektlərinin bərpaolunan enerji qaynaqlarından elektrik enerjisi istehsal edə bilən şarj stansiyasının və şarj cihazının istehsalı üçün lazımi proqram təminatının hazırlanması, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisinin alınması, smart polimer kompozisiya materiallarından yararlanmaqla binalarda enerji sərfiyyatının azaldılması, “ağıllı” suvarma texnologiyasının yaradılması və praktiki fəaliyyətinin araşdırılması kimi layihələrə 338 min manatdan çox qrant ayrılıb.
Alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün “ağıllı” su depolayıcı materialın hazırlanması və s. layihələr üçün kiçik və orta biznes subyektlərinə vergi güzəştini nəzərdə tutan “Startap” şəhadətnamələri verilib. Təkrar emal və tibbi tullantıların zərərsizləşdirilməsinə dair sahibkarların müraciəti əsasında daxili bazar araşdırmaları da aparılıb.
Eyni zamanda, KOBİA tərəfindən sahibkarlara “yaşıl” iqtisadiyyatla bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə sözügedən agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın kiçik və orta biznes subyektinin iştirakı ilə “Yaşıl iqtisadiyyat və yaşıl biznes”, “Yaşıl maliyyələşmə”, “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinlik və perspektivlər” mövzularında təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib.