Respublikamız 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. Azərbaycan hökuməti 2015-ci ildə qəbul edilən Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsini prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlayıb.
Ümumiyyətlə, bu məsələyə xüsusi önəm verilməsi Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatında da öz əksini tapıb. Sənəddə diqqət istixana qazlarının konsentrasiyasının artması, dəniz səthində temperaturun yüksəlməsi və dəniz səviyyəsinin qalxması və Antarktidada dəniz buzlaqlarının sahəsinin ən aşağı həddə düşməsi üzrə rekord göstəricilərə yönəldilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin bildirib ki, dünyada son onilliklər baş verən yanğın, daşqın hadisələri ilə və qızmar istilərlə yadda qalıb. BMT-nin Baş katibi Ümumdünya Meteorologiya Təşkilatının iqlim hesabatını müşayiət edən videomesajında dünya liderlərini iqlim dəyişikliyi ilə bağlı təcili tədbirlər görməyə çağırıb. A.Quterreş daha sonra deyib: “Bizim qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq və iqlim xaosunun ən pis təsirlərindən yayınmaq üçün yol xəritəmiz var. Lakin iqlimlə bağlı fəaliyyət planlarının növbəti raundunda aydın gözləntilər müəyyənləşdirmək və onları gerçəkləşdirmək zəruridir. Bu zaman əsas məqsəd isə 1,5 dərəcə Selsi limitini qorumaq və qazıntı yanacaqlarını mərhələli şəkildə ləğv etməkdir”.
Mütəxəssislər bildirirlər ki, istiləşmənin gələcəkdə də davam edəcəyi gözlənilir. Bu dəyişiklik isə əsrlərdən minilliklərə qədər zaman miqyasında geri dönməz prosesdir. Okeanların istiləşmə sürətinin son 20 ildə, xüsusilə, davamlı şəkildə artması da bunun bariz ifadəsidir.
Ətraf mühitin və ekoloji tarazlığın qorunmasına həssaslıqla yanaşan Azərbaycan bununla bağlı qoşulduğu bir sıra beynəlxalq sazişlərin tələblərinə daim ciddi şəkildə riayət edir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını və Paris Sazişini xüsusi qeyd etmək lazımdır. 2016-cı ilin aprelində imzalanan və həmin il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunan adıçəkilən sazişə əsasən, respublikamız indiyədək əldə etdiyi yüksək nəticələri sözügedən konvensiya katibliyinə təqdim edib. Ölkəmiz qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990-cı il) müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb.
Hazırda ölkəmizdə atmosferə atılan istixana qazların azaldılması və dekarbonizasiya sahəsində mühüm layihələr həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyasında respublikamızın təmiz ətraf mühit və “yaşıl artım ölkəsi”nə çevrilməsi ilə bağlı çoxsaylı tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Sənəddə qeyd olunduğu kimi, yaxın illərdə ölkəmizdə təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq, tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Bunun da nəticəsində tullantıların təkrar emalı prosesinin əhatə dairəsi ölkə üzrə 20 faizə, regionlarda isə 10 faizə çatdırılacaq.
Orxan KƏRİMZADƏ,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ADA Universitetinin müəllimi
İqlim dəyişikliyi mövzusunda qlobal temperaturun 2100-cü ilə qədər 2ºC altında saxlanılması bəşəriyyətin gələcəyi üçün mühüm önəm daşıyır. Paris İqlim Sazişi ilə razılaşdırılan həmin hədəf dünyadakı bütün ölkələrin diqqət mərkəzindədir. Bu məqsədə nail olmaq üçün qlobal səviyyədə fəaliyyətlər intensivləşdirilməli və hökumətlər, korporasiyalar, qeyri-hökumət təşkilatları ilə yanaşı, fərdi vətəndaşlar da həmin prosesi dəstəkləməlidirlər. Ancaq həmin hədəfin niyə vacib olduğunu və sadə vətəndaşların həyatına necə təsir göstərə biləcəyini aydınlaşdırmaq çox mühümdür.
Bəzi insanlar üçün iqlim dəyişikliyi abstrakt problem kimi görünür. Bununla belə, 2ºC hədəfinin niyə bu qədər əhəmiyyətli olduğunu başa düşmək, həm fərdi, həm də kollektiv səviyyədə daha çox addım atmağa sövq edə bilər. Qlobal temperatur 2ºC-dən yuxarı qalxarsa, ekstremal hava hadisələri, o cümlədən daşqınlar, quraqlıqlar, məhsul itkisi və digər ciddi iqlim problemləri də artacaq. Bu, yalnız ekosistemlər üçün deyil, həm də iqtisadiyyat üçün böyük təhdidlər yaradacaq. Su ehtiyatları tükənə, qida təhlükəsizliyi pozula, bir çox regionlarda isə məcburi köçkünlük halları arta bilər. Həmin problemlərin qarşısını almaq üçün qlobal temperaturun 2ºC altında saxlanılması məqsədi strateji və zəruri addımdır.
Bu istiqamətdə sadə vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi çox vacibdir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolu olduğunu vurğulamaq, onlara enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyin əhəmiyyətini izah etmək lazımdır. Bununla yanaşı, iqlim dəyişikliyinə uyğunlaşmaq və davamlılıq yaratmaq üçün milli səviyyədə strategiyalar hazırlanmalı, enerji sektorunda təmiz texnologiyaların istifadəsi genişləndirilməli və istixana qazı emissiyalarının balansını gerçəkləşdirmək üçün daha səmərəli tədbirlər görülməlidir.
İqlim dəyişikliyinin təsirlərinə qarşı davamlılığı yaratmaq, yalnız hökumətlər və böyük təşkilatların üzərinə düşən bir məsuliyyət deyil. Bu, cəmiyyətin hər bir fərdinin dəstəkləyəcəyi kollektiv səydir. Qlobal istiləşməni 2ºC altında saxlamaq üçün beynəlxalq əməkdaşlıq, texnoloji inkişaf və sosial dəyişikliklər lazımdır. Bu hədəfin əhəmiyyətini başa düşmək və sadə vətəndaşların gündəlik həyatlarında həmin məqsədlərə uyğun hərəkət etmələri uzunmüddətli olaraq iqlim dəyişikliyi ilə mübarizədə qələbə qazanmağın açarıdır.