Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etmək məsuliyyətini üzərinə götürən Azərbaycan Respublikası ilk günlərdən qlobal ekoloji böhranın mənfi təzahürlərinin aradan qaldırılması sahəsində fəaliyyətini xeyli gücləndirib. Ötən müddətdə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla sıx təmaslar qurulub, bütün tərəflərin və həmfikir qrupların, eləcə də müşahidəçi qismində çıxış edən (tərəf olmayan) digər maraqlı tərəflərin fikir və rəyləri diqqətlə dinlənilib.
COP29-un müəyyən olunmuş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bir qədər əvvəl Tərəflərə və Həmfikir Qruplara ünvanladığı məktubunda qeyd olunduğu kimi, dünyanın iqlim sahəsində fəaliyyət göstərən bütün qurumları COP29-un uğuru naminə ortaq və aydın istək birləşdirir. Müasir dünyamızda milyardlarla insan üçün real təhlükə olan iqlim dəyişiklikləri hazırda bütün bəşəriyyəti ciddi təhdid edir. Belə ki, bu qorxunc tendensiya dünya dövlətləri üçün dağıdıcı nəticələrə səbəb olmaqla yanaşı, onilliklər ərzində qlobal inkişaf çərçivəsində əldə olunan nailiyyətlər üçün də real təhlükə yaradır.
Bununla belə, dünya ölkələrinin, beynəlxalq təşkilatların bu sahədə nümayiş etdirdikləri qlobal həmrəylik, həyata keçirdikləri təsirli tədbirlər bəşəriyyətə yaxşı gələcək vəd edir. COP29-un müəyyən olunmuş prezidentinin sözügedən məktubunda da bildirilir ki, artan geosiyasi gərginliklər və beynəlxalq müstəvidə müşahidə olunan qeyri-müəyyənliklər bizi əsrin ən böyük transmilli problemi olan iqlim dəyişməsi ilə mübarizə çərçivəsində əməkdaşlığa sövq etməli və bu problemin həllini təmin etmək amalından yayındırmamalıdır. Sənəddə qeyd olunur: “Biz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynamaq və COP29 çərçivəsində bu prosesi konsensusa aparmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İqlim dəyişməsi ilə mübarizəni müştərək öhdəlik, mənəvi borc və dayanıqlı inkişaf üçün əvəzolunmaz fürsət kimi görmək indi hər zaman olduğundan daha vacibdir. Əminəm ki, bu, həm də sizin rəhbərlərinizin müəyyən etdiyi və təmsil etdiyiniz xalqların gözlədiyi bir istiqamətdir”.
Məktubda iqlim fəaliyyətinə təkan vermək üçün COP29 Sədrliyinin konsepsiyası təqdim olunmaqla yanaşı, sənədi reallığa çevirmək üçün atılacaq addımlar açıqlanır, birgə fəaliyyət üçün tələb olunan əməkdaşlıq istiqamətləri vurğulanır. Qeyd olunur ki, COP29 həm Paris Sazişi, həm də qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq. “Fəaliyyətimiz ən son elmi nəticələri rəhbər tutmalı, habelə 1,5°C hədəfini saxlamaq və heç kimi geridə buraxmamaqla bağlı yol xəritəsi də daxil olmaqla, COP28-də Tərəflərin razılaşdırdığı Qlobal Baxışın (GST) nəticələrini nəzərə almalıdır”, – deyə M. Babayev yazır. Onun sözlərinə görə, COP29 bütün tərəflərin mümkün ən yüksək ambisiyaya nail olmaları üçün lazımi icra və dəstək vasitələrinin təmin edilməsində, eləcə də ədalət və ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipi nəzərə alınmaqla hər kəsin mümkün ən yüksək ambisiyaya çatmasında mühüm rol oynayacaq.
Ölkəmizin mötəbər iqlim konfransını şəffaf, obyektiv, inkluziv və tərəflərin idarə etdiyi şəkildə həyata keçirməyə qərarlı olduğunu vurğulayan COP29-un müəyyən olunmuş prezidenti ötən müddətdə bu sahədə həyata keçirilmiş hazırlıq işləri və çoxsaylı görüşlərlə yanaşı, növbəti aylarda reallaşdırılması nəzərdə tutulan tədbirlər, qarşıda duran vəzifələrlə bağlı geniş və əhatəli məlumat verib.
Məlum olduğu kimi, dünya ölkələrinin, iqlim sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının COP29-dan gözləntiləri olduqca yüksəkdir. Bakı konfransında həllinin tapılacağına ümid bəslənilən məsələlərdən biri də iqlim maliyyələşdirilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, bu mühüm məqam COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin Tərəflərə və Həmfikir Qruplara ünvanladığı məktubda da öz əksini tapıb. Paris Sazişinin bütün istiqamətlərində, xüsusilə də iqlim maliyyəsi sahəsində COP29-da birgə irəliləyişin əldə edilməsi üçün güclü çağırışların olduğunu vurğulayan məktub müəllifi yazır: “COP29 Sədrliyinin danışıqlarda əsas prioriteti inkişaf etməkdə olan Tərəf ölkələrin ehtiyac və prioritetlərini nəzərə alan ədalətli və ambisiyalı Fəaliyyətə təkan verilməsi, Maliyyə və İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfini razılaşdırmaqdır. Lakin bu, yalnız bizim prioritetimiz deyil. COP29 Sədrliyi COP29-da bu addımı atacağımıza ümid edən bir çox Tərəflərin, eləcə də icmaların səsini eşitmişdir. Bu tarixi nailiyyəti əldə etmək üçün hamımız lazım olandan daha artığını etməliyik”.
Bu il noyabrın 11-də dövlət və hökumət başçılarının iştirakı ilə rəsmi açılışı keçirilən COP29-un növbəti iki günü ərzində İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək. COP29-un müəyyən olunmuş prezidenti M. Babayevin sözügedən məktubunda bütün dünya liderləri tədbirdə iştiraka dəvət olunur, onların Paris Sazişinin irəlilədilməsi istiqamətində öhdəliklər götürmək üçün tədbirə hazırlıqlı gəlmələri tövsiyə olunur.