Energetika Nazirliyində Almaniyanın “Uniper” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Nazir müavini Elnur Soltanovun iştirakı ilə reallaşan tədbirdə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qaz təchizatı, enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi, enerji səmərəliliyi, enerji keçidi, bərpaolunan enerji sahəsində əməkdaşlıq və perspektiv imkanlar müzakirə edilib.
Ölkəmizdə “yaşıl” enerji zonalarının yaradılması, “yaşıl” enerji potensialı, istehsalı və ixracı məsələlərindən danışılıb, bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində Azərbaycanın “yaşıl” enerji sahəsi üzrə hədəflədiyi planlar və təşəbbüslər barədə məlumat verilib. Müzakirə zamanı “yaşıl” hidrogenin istehsalı və ixracı sahəsinin inkişafı məsələləri nəzərdən keçirilib, “yaşıl” hidrogenin istehsalı və saxlanılması, eləcə də mavi hidrogen texnologiyalarının genişləndirilməsi sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Yeri gəlmişkən, son illər “yaşıl” hidrogenin gündəmə gətirilməsi təsadüfi xarakter daşımayıb. Belə ki, uzun bir dövr ərzində dünyada tələbat əsas enerji daşıyıcısı kimi kömür, neft və qaz kimi yanacaq növləri ilə qarşılanıb. Ancaq zaman keçdikcə bu ənənəvi resurslar həm azalmağa başlayıb, həm də onların istifadəsinin ekoloji tarazlığın pozulmasına təsiri aydın nəzərə çarpıb. Təbii ki, belə bir şəraitdə hidrogen enerjisinə maraq da artıb.
Mütəxəssislərin bildirdiklərinə əsasən, hidrogen özü yüngül olduğu üçün yanma zamanı ondan 3 dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə mövcud potensialın zənginliyinə və ekoloji təmizliyinə görə hidrogen “gələcəyin yanacağı” adlandırılır.
Əsas enerji mənbələrindən biri sayılan hidrogen iqlim böhranı ilə səmərəli mübarizədə və davamlı inkişafı dəstəkləməkdə əhəmiyyətli rol oynayır. Uzun bir dövrdə güclü transformasiyaya uğrayan hidrogen enerjisi bu gün “yaşıl gələcəy”ə gedən yolda daha çox diqqət çəkir, karbonsuzlaşma prosesində mühüm önəm daşıyır, davamlı inkişafın əsas komponentləri sırasında yer alır.
“Yaşıl” hidrogenin istehsalı ilə müqayisədə daha ucuz başa gələn “mavi” hidrogenin Azərbaycanda tətbiqi üzrə bir sıra çətinliklər mövcuddur. Məsələn, karbon qazının tutulması və saxlanılması ilə bağlı texnologiyanın tətbiqindəki qeyri-müəyyənliyin nəzərə çarpması, istehsal olunan “mavi” hidrogenin beynəlxalq aşağı karbon standartlarına cavab verməməsi, təbii qaza tələbatın artması kimi çağırışlar var.
“Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda bərpaolunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə əlaqədar layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılan komissiyanın 2024-cü il 28 mart tarixli iclasının protokoluna əsasən, hidrogendən istifadə üzrə müvafiq konseptual-strateji sənəd layihəsinin hazırlanaraq razılaşdırılması prosesinin sürətləndirilməsi, yenilənmiş tərkibdə İşçi Qrupun yaradılması nəzərdə tutulub.
Bununla bərabər, “Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi, eyni zamanda, bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu istiqamətdə ölkəmizdə “yaşıl hidrogen” potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair müqavilələr imzalanıb və bir sıra araşdırmalar aparılıb.
Xatırladaq ki, 2024-cü il avqustun 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf də “Uniper”in İdarə Heyətinin üzvü və baş kommersiya direktoru Karsten Poppinqa ilə görüşüb. Görüşdə ölkəmizin milli neft şirkəti və “Uniper” arasında enerji biznesi ilə bağlı strateji tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib. Söhbət zamanı şirkətlər arasında “Şahdəniz” yatağından hasil edilən təbii qazın alqı-satqısı üzrə sazişin uğurla həyata keçirildiyi vurğulanıb və qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Tərəflər neft-qaz sektoru ilə yanaşı, enerji keçidi, enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.