Bu gün iqlim dəyişikliyi problemi bütün dünyanı əhatə etdiyi üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 190-dan çox dövlət qoşulub. Bu dövlətlər müxtəlif konfrans və seminarlar keçirərək “yaşıl” enerjiyə keçidin reallaşmasına və atmosferə karbon qazının atılmasının azaldılmasına çalışırlar. Həyata keçirilən tədbirlər sırasında konvensiya tərəfdarlarının konfransı (Conference of the Parties (COP)) xüsusi önəm daşıyır. Sayına görə 29-cu konfrans (COP29) cari ilin noyabr ayında Bakıda keçiriləcək və bu tədbir ölkəmiz üçün mühüm xarakter daşıyır.
Azərbaycanın belə bir möhtəşəm tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. İqlim dəyişmələrinin qarşısının alınması, ilk növbədə, istixana effektini törədən qazların atmosferə buraxılmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu isə enerji transformasiyanın əsas istiqaməti olan bərpaolunmayan enerji mənbələrindən (kömür, neft, qaz, torf, müxtəlif növ bitumlar və s.) bərpaolunan enerjiyə (günəş, külək, su axarları və s.) keçmək deməkdir.
Beynəlxalq standartlara görə, transformasiyanın vacib şərti enerji səmərəliliyidir. Səmərəlilik hər vahid enerjinin istifadəsi nəticəsində hansı dəyərdə ümumi daxili məhsul (ÜDM) istehsal olunduğuna əsaslanır. Bu zaman enerji vahidi kimi bir kiloqram neftdə olan enerjidən istifadə olunur. Dünya Bankının hesabatlarına əsasən, Azərbaycanda 2003-cü ildə bir vahid enerjinin istifadəsi nəticəsində dəyəri 4 dollar olan ÜDM istehsal olunurdu. Beynəlxalq qurumun ən son dərc etdiyi məlumatlara görə, ölkəmizdə bu rəqəm 11,6 dollar təşkil edir. Bu isə son 20 ildə Azərbaycanda enerji səmərəliliyinin təxminən 3 dəfə artdığını göstərir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bir vahid enerjinin istifadəsi nəticəsində ölkəmizdə 11,6 dəyəri olan ÜDM yaradılırsa, qonşu Rusiyada bu rəqəm 5,3, İranda 5,3, Qazaxıstanda 5,6 dollar təşkil edir. Azərbaycanın enerji səmərəliliyi sahəsində əldə etdiyi göstərici Fransa (11,1 dollar), Yaponiya (11,8 dollar), Macarıstan (11 dollar), Litva (11,8 dollar) və digər inkişaf eləmiş ölkələrlə müqayisə edilə bilər.
Enerji transformasiyası indeksinin hesablanmasında istifadə edilən digər göstərici atmosferə atılan karbon qazının (CO2) emissiyasıdır. Enerji səmərəliliyi ölkədə artdığından 2000-ci illə müqayisədə karbon qazının emissiyası da 5 dəfəyə qədər azalıb.
Göründüyü kimi, enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Bu, öz ifadəsini ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə tapıb. Azərbaycanın enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu səbəbdən COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişafı strategiyasının nəticəsidir.
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov “XQ”nin müxbiri ilə söhbətində bu barədə danışaraq COP tədbirlərinin əsas məqsədinin də atmosferdə karbon qazının (CO2) miqdarını azaltmaqla qlobal istiləşməni məhdudlaşdırmaq və sənayeləşmədən əvvəlki dövrə nisbətən 1,5 dərəcə Selsi artım həddindən çox yüksəlməsinə imkan verməmək olduğunu bildirib. İqlimşünas alim COP (Conference of the Parties), yəni Tərəflərin Konfransı adlanan bu tədbirin ölkələrin qlobal iqlim dəyişikliyi mübarizəsindəki rolunu gücləndirməyi hədəflədiyini, Dubayda keçirilən COP28 konfransında imzalanan qərara əsasən, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Konfransının bu ilin noyabr ayında Bakı şəhərində gerçəkləşəcəyini, habelə COP29-un iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsət olacağını vurğulayıb.
S.Səfərovun fikrincə, COP29 gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin reallaşdırılması baxımdan da qlobal əhəmiyyət daşıyır. Belə ki, adıçəkilən sammitin keçirilməsi planetimizdə iqlim şəraitinin pisləşməsinin qarşısının alınması, dünyamızın təhlükəsizliyi, planetimizin ömrünün uzanması, eləcə də insanların sağlamlığına, ərzaq məhsulları ilə bol təminatına yol açacağını şərtləndirən əsas vasitədir. Buna görə də, şübhəsiz ki, sözügedən sahədə atılan addımlar gələcək nəsillər üçün bir sıra regional siyasi münaqişələrlə, ayrı-ayrı siyasi problemlərlə bağlı keçirilən tədbirlərdən daha əhəmiyyətlidir.
Alim qeyd edir ki, COP29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini artıracaq. Təbii ki, belə bir hal vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə müsbət təsir göstərəcək, eyni zamanda, Yer kürəsində gələcək nəsillərə qlobal əhəmiyyətli dirçəliş prosesinə gedən yolda cığır açacaq. Beləliklə, bu faydalar həm dünyada ekoloji dayanıqlılığı artıracaq, həm də iqtisadi inkişafa əhəmiyyətli töhfələr verəcək.
S.Səfərovun sözlərinə görə, COP29 konfransı zamanı Azərbaycan sahib olduğu zəngin mədəni irsini və gözəlliklərini dünyaya nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və “yaşıl” texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edə biləcək: “Sammitin keçirilməsi ölkəmizin qlobal iqlim siyasətində mühüm rol oynamaq və öhdəliklərini yerinə yetirmək üçün önəmli bir fürsət olacaq. Bu tədbir zamanı iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl təcrübələr və yeni texnologiyalar təqdim ediləcək, eləcə də yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakının təşviqi diqqətdə saxlanılacaq. Bu, həm də Azərbaycanın “yaşıl” enerjiyə keçid sahəsində əldə etdiyi nəticələrdə müsbət dəyişikliklərə gətirib çıxarcaq və beləliklə, “yaşıl” enerjinin dünya üzərində geniş istifadəsi bir başa Yer kürəsinə təsir göstərəcək”.
İqlimşünas alim söhbətində qlobal istiləşmənin ötən əsrin 90-cı illərindən sonra özünü daha qabarıq büruzə verməyə başladığını, bunun isə bütün dünyada, xüsusilə də Çin və Hindistanda iqtisadiyyatın sürətli inkişafı və bununla əlaqədar atmosferə atılan karbon və digər istixana qazlarının miqdarının həddindən artıq dərəcədə artması ilə əlaqələndirib. O, bundan əlavə, kənd təsərrüfatı istehsalındakı artımların da iqlimə təsirsiz ötüşmədiyini, illərlə istifadəsiz torpaqların əkin məqsədilə şumlanmasının yerin albedosunu azaltdığını, nəticədə günəşdən gələn şüaların daha çox udulmasına və temperaturun artmasına səbəb olduğunu vurğulayıb. Alim, eyni zamanda, atmosferdə aerozolların konsentrasiyasının azalması və meşələrin qırılmasının da problemi daha da kəskinləşdirdiyini bildirib.
S.Səfərov söhbətində hazırda dünyada enerji istehlakının 17,9 faizi bərpaolunan enerji mənbələrinin payına düşdüyünü xatırladıb: “2018-ci ildə dünya üzrə bərpaolunan enerji texnologiyalarına 296 milyard ABŞ dolları sərmayə yatırılıb. Bu sahə neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələr arasında da trendə çevrilib, necə deyərlər, dövlət siyasətinin tərkib hissəsi olub.
Yeri gəlmişkən, qlobal istiləşmə, dünya bazarlarında ənənəvi enerjinin qiymət dəyişikliyi, böhran və s. problemlər, həmçinin innovativ texnologiyaların əhəmiyyətinin cəmiyyət tərəfindən qəbul edilməsi təkcə Avstriya kimi ölkələrdə deyil, eləcə də bütün dünyada “yaşıl” enerji sektorunun yaxın gələcəkdə sürətlə inkişaf edəcəyini bariz şəkildə nümayiş etdirir. Bu da, öz növbəsində, gələcək nəsillərə töhfəsini verəcək.
Regional lider kimi mövqeyini gücləndirmək məqsədi olan Azərbaycan üçün isə COP29-a evsahibliyi etmək ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmağa təkandır. COP29 konfransı həm də respublikamızın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaq”.
S.Səfərov söhbətində keçən il COP28 tədbirində xüsusi fond yaradılmaqla yoxsul ölkələrə yardım edilməsinin qərara alındığını, bununla da “Paris Sazişi”nin tələblərinin yerinə yetiriləcəyi təqdirdə iqlim dəyişikliyi ilə bağlı müəyyən uğurlara imza atılacağı əminliyini də bildirib. Alim COP28-dən ötən müddətdə bu istiqamətdə elə bir ciddi nəticə nəzərə çarpmadığı təəssüflə vurğuladı və builki sammitdə qarşıya yeni tələblər qoyula biləcəyini, fondun prinsiplərinin yenilənəcəyini də istisna etmədi. Bu konfransda veriləcək qərarların isə planetimiz və gələcək nəsillər üçün atılan uğurlar addımlar olacağına əminliyini vurğulayıb.
İqlimşünas alim COP29-un innovasiya və texnologiya sahəsinə də təsirsiz ötüşməyəcəyini xüsusi qeyd edib: “İstixana qazları emissiyasını 35 faiz azaltmağa çalışmaqla “yaşıl” enerjidən istifadəni genişləndirmək yeni texnologiyalar tələb edir. Ənənəvi yanacağı birbaşa “yaşıl” enerji ilə əvəzləmək mümkünsüzdür. Belə etsək, iqtisadiyyat çökər. Kompensasiya üçün “yaşıl” enerjidən istifadə etmək lazım olur. Alternativ enerjinin ənənəvi yanacağın yerini tutması üçün böyük texnoloji güc lazımdır. Məsələn, külək enerjisindən istifadə edilməsi barədə danışırıq. Amma anlamaq lazımdır ki, bu, söz ilə asandır. Bunun üçün yeni texnologiya, mexanizm, xüsusi avadanlıqlar zəruridir.
Mütəxəssisin sözlərinə görə, bunları gerçəkləşdirdikdən sonra isə həmin avadanlıqları daim təkmilləşdirmək lazımdır ki, onların faydalı iş əmsalı daha böyük olsun: “Məncə COP29 böyük töhfələrindən birini elə texnologiya sahəsinə verəcək. Dünyamızın ildən-ilə müasirləşdiyini nəzərə alsaq, gələcək nəsillər üçün ən gözəl yatırım da məhz budur”.