Xəzər dənizinin dayazlaşması eyni sürətlə davam edərsə, yaxın gələcəkdə sahilyanı ölkələrin sosial-iqtisadi problemləri yaranacaq. Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun baş elmi işçisi, professor-okeanoloq Andrey Kostyanoy bu barədə mediaya müsahibəsində bildirib. Professor daha sonra iqlim dəyişikliyinin Xəzərin səviyyəsinə birbaşa təsir göstərdiyini, dənizin su balansının dəyişdiyini vurğulayıb.
Kostyanoy qeyd edib ki, dənizin su balansının əsas komponentini çayların axını təşkil edir. Təəssüf ki, hazırda çaylarda da azalma prosesi müşahidə olunur. Səbəb isə onların su hövzələrinə düşən yağıntıların miqdarının aşağı düşməsi, havanın temperaturunun artması, eləcə də Xəzər dənizində buxarlanmanın güclənməsidir.
Professor-okeanoloqun sözlərinə görə, Xəzərin dayazlaşması problemində insan fəaliyyəti o qədər də böyük rol oynamır: “Xüsusilə, 1995-ci ildən – dəniz səviyyəsinin daim azalmağa başladığı müasir dövrdən etibarən, iqlim faktorları ilə müqayisədə Xəzərin dayazlaşmasında insan fəaliyyəti nəzərəçarpacaq dərəcədə az rol oynayır”.
Xəzər dənizinin dayazlaşmasının fəsadlarından danışan A.Kostyanoy vurğulayıb ki, bu tendensiya 5 sahilyanı dövlətə ciddi problem yaradacaq. “Əgər dayazlaşma hələ bir neçə onilliklər ərzində belə davam edərsə, gələcəkdə ekoloji problemlərlə yanaşı, həlli zəruri olan sosial-iqtisadi problemlər də yaranacaq. Bunların arasında limanların və dəniz infrastrukturunun fəaliyyətinin pozulması, gəmi daşımalarının azalması kimi amillər də var”, – professor-okeanoloq qeyd edib. A.Kostyanoyun fikrincə, bu, gəlirlərin azalması, işsizlik, əmək miqrasiyası kimi sosial problemlərə gətirib çıxara bilər.
Noyabrda Bakıda keçiriləcək COP29-dan gözləntiləri haqda danışan professor bu məsələ ilə bağlı mütəxəssislər arasında dialoqa əminliyini də vurğulayıb. “Ümid edirəm ki, iqlim sammiti Xəzər dənizinin dayazlaşması problemlərinə dair mütəxəssislərin və qərar qəbul edən şəxslərin görüşlərinin keçirilməsi üçün mühüm platformaya çevriləcək”, – deyə bildirib.