Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standartlar əsasında “Ətraf mühitlə bağlı məlumatları validasiya və verifikasiya edən orqanlar üçün ümumi prinsiplər və tələblər” (AZS ISO 14065:2024) və “Ətraf mühitlə bağlı məlumatlar – Ətraf mühitlə bağlı məlumatların validasiya və verifikasiyasını edən komandaların səriştəliliyinə dair tələblər” (AZS ISO 14066:2024) yeni dövlət standartları qəbul edilib.
Azərbaycan Standartlaşdırma İnstitutunun bununla bağlı yaydığı məlumatda bildirilir ki, dövlət standartları AZSTAND ilə Almaniyanın Metrologiya İnstitutunun (“Physikalisch-Technische Bundesanstalt” – PTB) “Keyfiyyət infrastrukturu üçün yaşıl transformasiya” adlı birgə layihəsi çərçivəsində işlənib hazırlanıb. Bu dövlət standartlarının tətbiqində məqsəd isə validasiya və verifikasiya komandalarının, eləcə də müstəqil rəy verənlərin səriştəliliyi ilə bağlı tələbləri, həmçinin ətraf mühitlə bağlı məlumatlar haqqında bəyanatların validasiya və verifikasiyasını reallaşdıran orqanlar üçün prinsip və tələbləri müəyyənləşdirməkdir.
Sözügedən dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 09) tərəfindən müzakirəyə çıxarılıb və institut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
XQ