II Şuşa Qlobal Media Forumunun COP29 mesajları

post-img

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu bir sıra əhəmiyyətli məqamları ilə yadda qaldı. Toplantıda COP29-un da BMT-nin iqlim dəyişikliyi ilə bağlı mübarizə prinsiplərinə sadiq qalacağı bir daha diqqətə çatdırıldı, bu nüfuzlu konfransın da, ümumiyyətlə, təkcə hökumətlərarası danışığı deyil, bütün cəmiyyəti əhatə etdiyi vurğulandı. Eyni zamanda, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə inklüziv yanaşması vurğulandı. Nəhayət, 2-ci Şuşa Qlobal Media Forumunda ölkəmizin bərpaolunan enerjiyə çox böyük üstünlük verməsinə baxmayaraq, Azərbaycanın neft-qaz istehsalçısı kimi bir çox xarici media tərəfindən qınaq obyektinə çevrildiyi təəssüflə qeyd edildi. 

Yeri gəlmişkən, forumda COP29-un Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşılması xatırladılaraq, ölkəmizdə neft-qaz sənayesinin sürətli inkişafı ilə respub­likamızın guya ekologiyaya böyük zərər verdiyi barədə fikirlər kəskin tənqid edildi. Bu məsələdə canfəşanlıq göstərən bir çox ölkələrin, o cümlədən ekoloji problemlər­dən dəm vuran dövlətlərin isə təbiətə daha çox zərər yetirdikləri xatırladıldı. 

Bu məqamda bildirək ki, Azərbayca­na COP29-a evsahibliyi etmək etimadı göstərildiyi ilk günlərdən respublikamıza qarşı Qərbin qərəzli media prosesi baş­ladı. Prezident İlham Əliyevin də 2-ci Şuşa Qlobal Media Forumunda vurğula­dığı kimi, respublikamızın zəngin neft-qaz ölkəsi olması heç də onun günahı deyil. Azərbaycanın fəaliyyətinin bu səbəbə görə mənfi qiymətləndirilməsi, əslində, qərəzdən, məsələyə qeyri-obyektiv ya­naşmadan irəli gəlir. Halbuki Qərb media­sı məsələyə münasibətdə belə ədalətsiz, haqsız mövqe sərgiləməkdənsə, ölkəmi­zin iqlim dəyişikliyi ilə bağlı mübarizə təd­birlərindən, “yaşıl enerji” konsepsiyasına sadiqliyindən yazmalı idi. 

Xatırladaq ki, Azərbaycan iqlim dəyi­şilkiyi mövzusunu daim diqqətdə saxla­yır. Ölkəmizdə 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çat­dırılmasının qarşıya mühüm məqsəd kimi qoyulması, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” məkanına çevril­məsi istiqamətində çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir. Məsələn, hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elekt­rik stansiyaları da daxil olmaqla bərpa­olunan enerji mənbələrinin payı 17 faizi ötüb. 2023-cü ildə respublikamızın su elektrik stansiyalarında 1 milyard 757,2 milyon-kilovat-saat, külək elektrik stansi­yalarında 15,5 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 13,4 milyon kilo­vat-saat, Bərk Məişət Tullantılarının Yan­dırılması Zavodunda isə 62 milyon kilo­vat-saat elektrik enerjisi istehsal edilməsi yaxın illərdə bu sahədə daha çox artımın qeydə alınacağını deməyə əsas verir. 

Azərbaycanı neft-qaz istehsalçısı ol­maqda ittiham edən Qərbin media qu­rumları yaxşı bilirlər ki, yeni enerji siyasə­tinin əsas istiqamətlərindən biri də məhz respublikamızın Avropanın dekarboni­zasiyasında fəal iştirakını təmin etmək­dən ibarətdir. Bununla ölkəmiz, həm də Avropaya yeni enerji körpüsü salmaqla “köhnə qitə”nin mühüm elektrik enerjisi, əsasən də, “yaşıl enerji” təchizatçısına çevrilməsini hədəfləyir. Bunun isə yaxın illərdə reallaşacağı şübhəsizdir. Çünki bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb: 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respub­likası, Gürcüstan, Rumıniya və Macarıs­tan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Əldə edilən razılaşma çərçivəsində Qara dəniz enerji sualtı elektrik kabelinin tikinti­si nəzərdə tutulur. Həmin kabel Azərbay­canda hasil edilən “yaşıl” elektrik enerji­sini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissə­sinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək. Sözügedən saziş Azərbaycanın “yaşıl enerji”sinin Avropaya çatdırılmasını nəzərdə tutur. 

Qeyd edək ki, həmin sənədə əsasən, Qara dənizin dibi ilə 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda elektrik enerjisi kabeli çəkiləcək. Bu da ölkəmizdə istehsal olunan “yaşıl enerji”nin Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbay­can Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edil­məsində yaxından iştirak edəcək. 

Prezident İlham Əliyev COP29-u dün­yada, beynəlxalq arenada bir nömrəli kon­frans kimi qiymətləndirdi. Eyni zamanda, bu nüfuzlu tədbirin ilk dəfədir ki, postso­vet məkanında keçirildiyini, Azərbaycan üçün misilsiz bir şans olduğunu, həmçinin bu toplantı ilə respublikamızın ən yüksək liqaya yüksəldiyini bildirdi: “Biz təkcə təş­kilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə iş­ləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlü­yümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik. 120 ölkənin iştirakı ilə orada yekdil şəkil­də sədr seçilmişdik və sədrlik müddətimiz də uzadıldı. Sədrliyimiz dövründə biz bö­yük nüfuz qazandıq”.

Dövlətimizin başçısı fikirlərinə əlavə edərək xatırlatdı ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, regionda və postsovet məkanında Avropa İttifaqı (Aİ) dövlətləri ilə, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalayıb. Res­publikamız İslam Əməkdaşlıq Təşkilatı­na, “OPEC Plus” formatına üzv seçilib. 

Yeri gəlmişkən, bu məsələ ilə əlaqə­dar Şuşa Qlobal Media Forumunda səs­ləndirilən bir fikri də xatırlatmaq istərdik. Tədbirdə bildirildi ki, Qərbin dünyanın həyatına təsir göstərmək istəyinə və de­karbonizasiya ilə bağlı iddialarına baxma­yaraq, neft-qaz öz aktuallığını bu gün də saxlayır. Məsələn, ABŞ-da bu məsələyə 100 milyardlarla dollar xərclənir. Həmçi­nin ötən il Birləşmiş Ştatlar tarixində ilk dəfə olaraq neft-qaz sahəsində ən böyük hasilata nail olunub. Amma buna baxma­yaraq ABŞ, eləcə də Azərbaycan “yaşıl enerji” məsələsinə sadiqdir.

Beləliklə, Azərbaycan COP29-a ev­sahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliklə bağlı bey­nəlxalq aləmə böyük töhfə verməyi, ha­belə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, respublikamız artıq “yaşıl enerji” iqtisadiy­yatını əməli fəaliyyəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını qətiləşdirib. 

Bəşəriyyətin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP29-dan göz­ləntilər çoxdur. Belə ki, “yaşıl dünya” ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azər­baycan paytaxtında müəyyənləşdiriləcəyi gözlənilir ki, bu da qlobal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə sayılacaq. Eyni zaman­da, uzun illərdir ki, dünya ölkələri qlobal istiləşmənin, karbon emissiyalarının təsir­lərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələ­rin maliyyələşdirilməsi ilə bağlı yekdil rəyə gələ bilmirlər. Belə ki, inkişaf etmiş və inki­şaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaq­larını bildirsələr də, məsələnin həlli düyünə düşüb. Ekspertlərin fikrincə, COP29 bu düyünün açılmasına, iştirakçı ölkələrin maliyyə məsələsində razılığa gələ biləcə­yinə böyük ümid bəsləyirlər.

Yeri gəlmişkən, dünya mediası da COP29 ərəfəsində Azərbaycanın bu mö­təbər tədbirə ciddi hazırlaşdığını, eyni zamanda, ölkəmizin “yaşıl enerji”dən uzunmüddətli faydalar əldə etməyə ça­lışdığını bildirir. Bolqarıstanın “Standard” milli informasiya qəzetinin saytında yer alan məqalədə bununla bağlı deyilir: “Ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəf­lərin 29-cu Konfransına evsahibliyi etmək hüququ əldə edən Azərbaycan növbəti onillikdə “yaşıl enerji”yə doğru irəliləməyi qarşısına məqsəd qoyub. Bu ölkə zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq “yaşıl enerji”dən də uzun­müddətli faydalar əldə etməyə çalışır”.

Forumda yurnalistlərin ekoloji prob­lemlərlə bağlı mesajlarını çatdırmaları üçün onların bacarıqlı olmalarının zəru­riliyi, media nümayəndələrinin iqlim dəyi­şikliyinin çox ciddi və məsuliyyətli mövzu kimi daim diqqətdə saxlamalarının, bu məsələdə daha çox məlumatlı olmaları­nın vacibliyi vurğulanıb. 

Bildirilib ki, dünyada iqlim dəyişmələ­rinin qarşısının alınması, ekoloji sabitliyin və tarazlığın yaradılması, dayanıqlı inki­şafın təşviq edilməsi və bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunmasında media xüsusi rol oynayır. Bu səbəbdən media və kommunikasiya vasitələrinin mövcud proseslərdə düzgün istifadə edil­məsi, hədəf auditoriyaya hesablanan tə­sirli mesajları ötürməsi, kütləvi fərqindəlik və məsuliyyət hisslərini formalaşdırması iqlim dəyişmələrinə qarşı kollektiv qa­baqlayıcı tədbirlərin görülməsi və ya belə tədbirlərin effektivliyinin artırılmasında zəruridir.

2-ci Şuşa Qlobal Media Forumunda iqlim hərəkatında medianın rolu, yaşıl dünya naminə səmərəli məlumatlandır­ma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fə­sadlarının aradan qaldırılması istiqamə­tində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzularda da müzakirələr aparıldı.

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ

Ekologiya