COP29: Azərbaycan “yaşıl iqtisadiyyat”a keçidin önündə

post-img

Cari il noyabr ayının 11-dən 22-dək dünyanın diqqəti Azərbaycanda, Bakı şəhərində olacaq. Həmin günlərdə paytaxtımız “Tərəflər konfransı”na – COP29-a evsahibliyi edəcək. Bəşəriyyəti narahat edən iqlim probleminin həlli yolları Azərbaycanda araşdırılacaq. 

Bəs Tərəflər Konfransının (COP) ya­radıcıları tərəfindən bu platforma qarşı­sında hansı problemlərin həlli yollarının tapılması qoyulub? Sualın cavabı ilə bağlı, ilk növbədə, onu vurğulayım ki, Yer kürəsində mövcud olmuş orta hərarətin davamlı şəkildə artması 1990-cı illərin əvvəllərindən etibarən bəşəriyyəti ciddi narahat etməyə başladı. Aparılan araşdır­malar göstərdi ki, son 100 ildə dünyada havanın hərarəti hər 10 il ərzində əvvəlki dövrlərlə müqayisədə daha yüksək olub. Alimlər və aparıcı tədqiqat mərkəzləri Yer kürəsində havanın temperaturunun son 200 ilə yaxın bir zamanda təqribən, 1 dərəcə artmasını və bu artımın böyük bir hissəsinin son 30 ilin payına düşmə­sini ciddi bir siqnal kimi dəyərləndirərək həyəcan təbili çalmağa başladılar. 

Havanın hərarətinin belə sürətlə artması bəşəriyyəti hansı təhlükələrlə üz-üzə qoya bilər? Bu sual beynəlxalq təşkilatları və ilk növbədə, BMT-ni ciddi narahat etməyə başladı. Vəziyyəti nizam­lamağın yolları araşdırıldı. Bu məqsədlə 1992-ci il may ayının 9-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfran­sında adıçəkilən beynəlxalq qurumun İq­lim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul edildi və həmin konvensiya 154 dövlət tərəfindən imzalandı. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası atmosferdə istixana qazla­rının konsentrasiyalarını sabitləşdirmək­lə insanların iqlim sisteminə kobud mü­daxiləsinə qarşı mübarizə aparmaq üçün ölkələr arasında bağlanmış beynəlxalq müqavilədir. Müqavilə rəsmi olaraq 1994-cü il martın 21-də qüvvəyə minmişdir. Yeri gəlmişkən, sözügedən konvensiyasının əsas hədəfi insanlar tərəfindən atmosferə buraxılan istixana qazlarının iqlim sis­teminə təhlükəli müdaxiləsinin qarşısını alamaq və əsas məqsəd bu durumu sa­bitləşdirmək idi. 

Qeyd edim ki, 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində bəşəriy­yəti narahat edən iqlim probleminin araş­dırılması məqsədilə müxtəlif ölkə qrupları üzrə fərqli öhdəliklər müəyyənləşdirən daha yeni bir sənəd – Kioto protokolu da qəbul edildi. Xatırladım ki, 2020-ci ildə Kioto Protokoluna artıq 192 ölkə tərəf kimi qoşulmuşdu. Bu Protokolda başlıca hədəf insan amili səbəbindən atmosferə buraxılan tullantı qazların həcmini mini­mallaşdırmaq və bu yolla Yer kürəsində havanın hərarətini sabitləşdirmək idi. Protokol ümumi, lakin fərqli öhdəliklər prinsipinə əsaslanırdı. Sənəd ayrı-ayrı ölkələrin iqtisadi inkişafı nəzərə alınaraq həmin dövlətlərin ərazilərində atmosferə buraxılan istixana qazlarının mövcud sə­viyyəsinə əsaslanır, bu sahədə onların üzərinə öhdəliklər qoyurdu.

Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayaraq 2012-ci ildə yekunlaşdı. Bu öhdəliyə 36 ölkənin hamısı Protokola tam şəkildə əməl etsə də, atmosferə daha çox istixana qazı buraxan bəzi dövlətlər tərəfindən isə laqeydliklə yanaşıldı. Nəti­cədə 1990-cı ildən 2010-cu ilə qədərki 20 il ərzində atmosferdə qlobal emissiya­ların həcmi 32 faizə qədər artdı. 

Bəşəriyyəti ciddi narahat edən iqlim dəyişikliyi probleminin həlli yollarını tap­maq üçün 2015-ci il dekabr ayının 12-də Fransanın paytaxtı Paris şəhərində Kioto Protokolunu əvəzələyəcək yeni bir sənəd – Paris Sazişi qəbul edildi. Bu Sazişi ha­zırlayanlar onun yüksək ambisiyalı, la­kin balanslaşdırılmış yanaşması olan bir sənəd olduğunu qeyd etmişdilər. Sazişin əsas hədəfi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tələblərini reallaşdırmaq, xüsusilə qlobal orta tem­peraturun artımını 2 °C-dən aşağı sax­lamaqdan, daha doğrusu, temperatur artımını 1,5 ° C-ə qədər məhdudlaşdır­maqdan ibarət idi.

BMT başda olmaqla beynəlxalq təş­kilatların dünyada iqlim dəyişikliyi ilə bağlı problemin həllinə yönəldilən səylə­ri müəyyən nəticələr əldə etməyə imkan versə də, bəşəriyyət bu problemin tam həllinə hələ ki, nail ola bilmir. Bu sahədə vəziyyətin ciddiliyini mövcud gerçək və­ziyyət daha aydın bir şəkildə ortaya qoya bilir. 

Baxın, əgər insanlıq atmosferə bu­raxılan istixana qazlarının həcminin azal­dılması hesabına Yer kürəsində havanın hərarətinin sürətlə artmasının qarşısını ala bilməsə, 2050-ci ilə qədər dünyada dənizlərin və okeanların sahillərində yer­ləşən yaşayış məntəqələrinin böyük ək­səriyyəti şimal və cənubdakı buzlaqların sürətlə əriməsi səbəbindən suyun altında qala bilər. Bu, o deməkdir ki, yaxın 25 il ərzində həmin ərazilərdən 300 milyona qədər insanın başqa yerlərə köçürülməsi təmin edilməlidir. Bu, ümumbəşəri huma­nitar bir fəlakət deməkdir. 

Həmin ərazilərdə su altında qalan yüz minlərlə müəssisənin və əkin sahələrinin dövriyyədən çıxması dünya iqtisadiyyatı­na ciddi zərbə vurmuş olacaq. Dünyada əhalinin sayının sürətlə artdığı və hər il təxminən 9 milyon insan aclıqdan öldüyü, 30 faizə qədər insanın zəruri ərzaqla tə­min edilə bilmədiyi indiki şəraitdə bunun nə demək olduğunu anlamaq çətin deyil.

Beləliklə, dünyanın iqlim problemlə­rinin kökündə dayanan əsas məqamları xatırlatmaqla bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək və bu problemlərin həlli yollarının axtarışına həsr olunacaq COP29-un beynəlxalq əhəmiyyətini bir daha diqqətə çatdırmaq istədik.

Azərbaycan artıq yerləşdiyi regionu deyil, bəşəriyyəti düşündürən və ciddi narahat edən problemlərin həllinə həsr olunmuş beynəlxalq bir tədbirə evsahibli­yinə hazırlaşır. COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksəlməsinə və siyasi çəkisi­nin artmasına xidmət edəcək. 

Otuz il əvvəl dünyada o qədər də ta­nınmayan Azərbaycan bu gün beynəlxalq aləmin diqqət mərkəzinə çevrilən bir mə­kandır. Respublikamızın bu statusa yük­səlməsi isə ölkə rəhbərliyinin düşünül­müş, uzaqgörən və uğurlu daxili və xarici siyasəti nəticəsində gerçəkləşib.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Ekologiya